NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Azərbaycanın ehtiyat fondlarından 9 ayda 124 milyon manat ayrılıb

...

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ehtiyat fondlarından 123,8 milyon manat vəsait ayrılıb.

"Şərq qapısı" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ölkə Prezidentinin ehtiyat fondundan ayrılmış 41,5 milyon manat vəsaitin 31,3 milyon manatını müvafiq qurumlar sifariş sənədləri təqdim edilməklə maliyyələşdirib. Həmin vəsait Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunub.

Bundan başqa, Nazirlər Kabinetinin sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış 82,3 milyon manat vəsaitin 58,6 milyon manatını müvafiq qurumlar sifariş sənədləri təqdim edilməklə maliyyələşdirib. Həmin vəsait gələn il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələri alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.

Nəşr edilib : 16.10.2024 14:12