NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Azərbaycanın dünyaya COP29 mesajı

...

“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən deyilən bu fikirlər ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun ən yaxşı və lakonik ifadəsidir. Təbii ki, dünya ictimaiyyəti tərəfindən göstərilən bu hörmətin arxasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi quruma sədrlik etməsi, 2019-2021-ci illərdə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməsi, Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq 4 il uğurla sədrlik etməsi kimi danılmaz faktlar dayanır. Bu faktların davamı olaraq, bu gün Azərbaycan dünyanın daha bir əhəmiyyət daşıyan dövlətlərarası tədbirinə ev sahibliyi edir. Bu möhtəşəm tədbirin ilk həftəsində 70 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə qarşı beynəlxalq ictimaiyyətin özü tərəfindən verilən tutarlı cavabdır. Bu eyni zamanda Azərbaycanın artan nüfuzu ilə bağlı quru sözlərlə deyil, real əməldə verilən mesajdır.

COP29 keçirildiyi hər günün panel müzakirələri iqlim dəyişmələrinin müxtəlif təzahürləri və ona qarşı maliyyə dayanıqlılığının yaradılması sahəsində qəbul edilən əhəmiyyətli qərarlarla tarixə düşür. Təbii ki, onların hamısını bir yazıda gözdən keçirmək, təhlil etmək zaman baxımından imkan xaricindədir. Bunu nəzərə alaraq onlardan birinə – “Sülh, Yardım və Bərpa üçün İqlim fəaliyyətinə dair Bakı Çağırışı”na diqqət yetirmək məqsədəuyğundur.

15 noyabr 2024-cü il tarixə COP29 sədrliyinin qlobal iqlim dəyişmələri, münaqişələr, humanitar ehtiyaclar kimi olduqca aktual olan problemlərin həlli istiqamətində atdığı bu mühüm addım su qıtlığı, ərzaq təhlükəsizliyi, torpağın deqradasiyası ilə bağlı 3 vacib innovativ tövsiyəni təqdim edir. Bunlardan birincisi su resurslarının dayanıqlı idarə edilməsi ilə bağlıdır. Bununla bağlı artıq təhlükə siqnalları aforizmləşmiş deyimlərə çevrilməkdədir, “müharibələr şirin su qaynaqları uğruna” yönəlməkdədir. Su qıtlığı təhlükəsi cəmiyyətin və təbiətin ortaq qlobal probleminə çevrilməkdədir.

İkinci innovativ tövsiyə iqlimə davamlı kənd təsərrüfatı alternativlərinin təşviq edilməsini nəzərdə tutur. İqlim dəyişmələri müxtəlif bölgələrin, bəzən böyük coğrafi regionların qida rasionunu ciddi şəkildə təhdid edir. Tələbat məhsullarının əldə edilməsinə çətinlik törədir. Bunun qarşısını almaq üçün iqlim dəyişikliyinə davamlı olan kənd təsərrüfatı alternativləri tövsiyə olunur.

Üçüncü innovativ tövsiyə torpağın bərpası və ekosistemin yenidən qurulmasına dəstək olmağı nəzərdə tutur. Bu sahədə hər bir insanın üzərinə düşən məsuliyyət çox da çətin deyil: təbiəti çirkləndirməmək, yaşıllıqları, keçdiyimiz yolları, ictimaiyyətin istifadə etməsi üçün nəzərdə tutulan yerləri şəxsi mülkümüz kimi qorumaq, qayğısına qalmaq ekosistemi bərpanın sadə alqoritmlərindəndir.

Bakı Çağırışında iki nüans xüsusilə diqqət çəkir: sülhə həssas iqlim tədbirlərinə dair öhdəlikləri birgə gücləndirmək – dünyanı həmrəyliyə dəvət etmək və dünyadakı ən həssas icmalara dəstəyi artırmaq. Bu nöqteyi-nəzərdən Bakı Çağırışı Azərbaycanın dünyaya həmrəylik, yardımsevərlik, mərhəmət mesajıdır. Təsadüfi deyil ki, bu mesaj dünyanın bir çox təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq Miqrasiya Təşkilatını baş direktoru Emi E.Poupun bununla bağlı səsləndirdiyi fikirlərdə deyilir: “İqlim dəyişmələri səbəbindən köç edənlərin sayının münaqişə səbəbindən qaçqın düşənlərin sayından artıq olduğu bir dövrdə Bakı Çağırışı ətrafında beynəlxalq tərəfdaşlıq qurulması və COP tarixində iqlim və sülh sahəsində ixtisaslaşmış mərkəzin yaradılması iqlim dəyişmələri və sülhün qarşılıqlı təsirlərini həll etmək üçün zəruri tədbirlərin görüləcəyinə ümid verir”. Misirin Münaqişələrin həlli, Sülhməramlılıq və Sülh quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin baş direktoru Əhməd Əbdül Lətif isə Bakı Çağırışını “…əməkdaşlıq yönümlü həllərə zəruri ehtiyacla yanaşı, COP29 sədrliyinin işini xarakterizə edən əməkdaşlıq ruhunun təcəssümü” olaraq dəyərləndirir.

Beynəlxalq təşkilatların nümayəndələri tərəfindən səsləndirilən bu səpkili təqdir fikirləri COP29 çərçivəsində qəbul edilən qərarların əhəmiyyətini kifayət qədər aydın ifadə edir. Bununla yanaşı, qəbul edilən bütün qərarlarda, həmçinin tövsiyələrdə Azərbaycanın dünyaya ədalətli olmaq, mərhəmətli olmaq, kiçik ölkələrə yardım etmək və tolerantlıqla bağlı mesajları qırmızı xətlə keçir.

Zeynəb QULİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 18.11.2024 15:24