NAXÇIVAN :

03 May 2026, Bazar

Azərbaycanın dövlətçilik zirvəsi: suverenliyin və qələbənin təntənəsi

...

Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 20 sentyabr – Dövlət Suverenliyi Günü hər birimiz üçün qürur, iftixar və milli kimliyimizin ən ali təcəssümü, əsrlərboyu azadlıq və istiqlal uğrunda mübarizə aparan xalqımızın iradəsinin, əzminin və mübarizəsinin məntiqi nəticəsidir.
Müstəqillik hər bir xalq üçün ən böyük nemət, ən ali dəyərdir. Azərbaycan xalqı da bütün dövrlərdə – istər işğal, istər məhrumiyyət, istərsə də sınaqlar qarşısında bu amalından dönməmişdir. 30 ildən artıq davam edən işğala, beynəlxalq hüququn pozulmasına, faciələrə və soyqırımlara baxmayaraq, müstəqillik və dövlətçilik əzmimiz sınmadı, əksinə, daha da möhkəmləndi.
Suverenlik dövlətin mövcudluğunu təmin edən əsas amildir. Bu anlayış yalnız siyasi hüquq deyil, həm də milli kimliyin, xalqın öz taleyinə sahib çıxmasının göstəricisidir. Azərbaycanın müstəqil siyasət yürütməsi, daxili və xarici siyasətində sərbəst qərarlar qəbul etməsi, beynəlxalq aləmdə öz sözünü qətiyyətlə deməsi dövlət suverenliyinin əyani təzahürüdür.
Bu gün Azərbaycan dünyanın tanınmış və hörmət olunan dövlətləri sırasındadır. O da sirr deyil ki, bizimlə əməkdaşlıq etmək istəyən, ərazi bütövlüyümüzə hörmətlə yanaşan dövlətlərin sayı günü-gündən artır. Çünki biz artıq öz sərhədlərinə, öz ərazilərinə tam sahib çıxan, siyasi müstəqilliyini qoruyan güclü dövlətik.
44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, ardınca Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması, nəhayət, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan dövlətçiliyinin ən mühüm mərhələlərini təşkil edir. Bu tarixi hadisələr nəticəsində torpaqlarımız azad olundu, separatçıların kökü birdəfəlik kəsildi və dövlət suverenliyi tam bərpa edildi.
Qazandığımız Zəfər yalnız hərbi uğur deyildi, bu, xalqımızın yüz illərin həsrətinə son qoyan, milli ləyaqətini bərpa edən tarixi qələbəsi idi. Qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı bahasına bərqərar olunan bu suverenlik hər bir azərbaycanlının ən müqəddəs əmanətidir və hər bir azərbaycanlı da bu əmanətə böyük ehtiram və sayğı ilə yanaşır.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən 20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni və böyük bir mərhələnin başlanğıcıdır. Bu gün həm də 44 günlük müharibənin, antiterror əməliyyatlarının və müstəqilliyimizin möhkəmləndirilməsinin təntənəsi kimi qeyd olunur.
Əminliklə deyə bilərik ki, dövlət başçımızın uzaqgörən siyasəti, xalqın birliyi və ordumuzun qüdrəti nəticəsində Azərbaycan artıq tam suveren, güclü və gələcəyə inamla addımlayan dövlətdir. Bu baxımdan, Azərbaycan Prezidentinin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi də təsadüfi deyil. Bu qərar həm dövlətçiliyimizin hüquqi-siyasi dayaqlarını möhkəmləndirir, həm də milli kimliyimizin dünyaya təqdimatında mühüm rol oynayır.
Suveren dövlət yalnız keçmişini qoruya bilən, bu gününü möhkəmləndirən və gələcəyini inamla quran dövlətdir. Azərbaycan isə bu yolda böyük addımlar atır. İqtisadi yüksəliş, siyasi sabitlik, mədəni dirçəliş və beynəlxalq nüfuz – bütün bunlar suveren dövlətimizin parlaq gələcəyinin təminatıdır.
Bu gün Azərbaycan xalqı artıq bütöv ərazilərə, toxunulmaz sərhədlərə və tam suverenliyə sahibdir. İndi qarşıda duran əsas vəzifəmiz bu nailiyyətləri qorumaq, gücləndirmək və gələcək nəsillərə ötürməkdir.
20 sentyabr – Dövlət Suverenliyi Günü hər bir azərbaycanlıya məsuliyyət, qürur və inam aşılayır. Bu gün biz təkcə qələbələri deyil, həm də dövlətimizin möhkəm təməllər üzərində qurulmuş gələcəyini qeyd edirik.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın əbədi və dönməz dövlət suverenliyimiz!

Rauf CƏFƏROV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 19.09.2025 09:40