NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Azərbaycanda yaşıl enerji və infrastrukturun inkişafı üzrə layihələrin həyata keçirilməsi müzakirə olunub

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Cin Liqun ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, nazir Azərbaycanın 2016-cı ildən bankla əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına verdiyi dəstək qeyd olunub. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.

AİİB-nin prezidenti Cin Liqun təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb, bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib, tərəfdaşlığın inkişaf imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

Nəşr edilib : 15.11.2024 17:13