NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Azərbaycanda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar Nazirlərinin toplantısı keçiriləcək

...

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısı keçirilir.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cumhuriyyəti təmsil olunur.
Azərbaycanı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Toplantıda işçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar, türkdilli ölkələrin sahə üzrə əməkdaşlığının artırılması kimi məsələlər müzakirə olunur.
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır çıxışı zamanı vurğulayıb ki, ilk dəfə keçirilən bu toplantı TDT əməkdaşlığının təməlidir.
“Böyük sınaqlardan keçdiyimiz bu dövrdə ən böyük dayağımız ortaq tariximiz, dilimizdir, mədəniyyətimizdir. Türkiyə olaraq türk dünyası arasında əməkdaşlığın genişləməsindən məmnunluq duyuruq. Ortaq fəaliyyətimiz, həm də yaranan bütün çətinliklərdən birgə çıxmağımıza dəstək verəcək ən böyük amildir. Əsas hədəfimiz hər gün dəyişən və yenilənən dünyada ölkələrimizi birlikdə daha da gücləndirmək və inkişaf etdirməkdir. Bu gün təməli atılan bu birlikdən sadəcə dövlət strukturlarımız deyil, özəl sektorda da faydalanacaq”, - deyə türkiyəli nazir qeyd edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.
Toplantının sonunda iştirakçı ölkələrin ortaq bəyanatı yayımlanacaq.

Nəşr edilib : 26.10.2024 14:10