NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanda D-8 Enerji və İqlim, Media Mükəmməllik və Nəqliyyat Mükəmməllik mərkəzləri yaradılacaq

...

Bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir. Həftə çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və “İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq” tədbiri keçirilir.
"Şərq qapısı" xəbər verir ki, cari il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr Təşkilatının Baş katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu təşkilatda fəal işlər görməkdədir.
Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib. Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, İndoneziya, Banqladeş və Malayziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 2026-cı il yanvarın 1-dən 2 il ərzində İndoneziya D-8-ə sədrlik edəcək. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.

Nəşr edilib : 17.10.2025 22:07