Türkiyədə bina uçub, dağıntılar altında qalanlar v...
22:24 24.01.2025
0
0
0
NAXÇIVAN :
25 Yanvar 2025, Şənbə
20 Yanvar faciəsinin 35-ci ildönümüdür. Tariximizin qəhrəmanlıq səhifəsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi, iftixar günüdür bu gün. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər. Bu tarix Azərbaycan xalqının əyilməz, vüqarlı, mübariz ruhlu olduğunu, müstəqilliyi pay olaraq deyil, haqqı olaraq qazandığını sübut etdi...
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul edib.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində ölkə televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyətin tətbiqinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 2100-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.
Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmişdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və polislər də var idi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Qardaş Türkiyədə əhali Bakıda törədilən cinayətlərə sərt reaksiya verərək ölkənin hər yerində mitinq və nümayişlər keçirdi.
Naxçıvanın işğalı da mənfur planlardan idi
Həmin dövrdə Naxçıvanda da vəziyyət olduqca ağırlaşmışdı. Düşmən qüvvələri, əsasən, Sədərək rayonu istiqamətində hücuma keçərək evləri, həyətləri, məktəbləri, inzibati binaları gülləbarana, top atəşinə tuturdu. Erməniləri bu qədim yurdu ələ keçirməyə iştahalandıran Sədərəyin ticarət, nəqliyyat əlaqələri baxımından əlverişli mövqedə yerləşməsi, xüsusilə də Türkiyə ilə birbaşa sərhədinin olması idi. Ancaq əhalinin birliyi, bərabərliyi qarşısında ağ bayraq qaldırdılar, arzuları gözlərində qaldı yağıların. Naxçıvanın bütün ərazilərindən insanlar Sədərəyin müdafiəsinə axışdı. Rayonda bir dənə də olsun, ev boşalmadı, hər kəs yurdunu qorudu. İgid övladlar böyük şücaət və qəhrəmanlıq göstərərək erməni cəlladlarının muxtar respublika ilə bağlı çoxdankı arzularını gözündə qoydu, mənfur planlarını puça çıxardı.
Onu da xüsusi vurğulamaq lazımdır ki, 1990-1993-cü illərdə igid oğulların şücaəti ilə yanaşı, uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin də Sədərəyin düşməndən qorunmasında böyük tarixi xidmətləri, əvəzolunmaz rolu oldu. Naxçıvanın hər yerindən buraya üz tutanların təşkilatlanmasını uğurla həyat keçirən Ümummilli Liderin həmin illərdə bir neçə dəfə rayona gəlişi hər kəsi ruhlandırdı, sabaha inamını artırdı. Naxçıvanda baş verən hadisələri Ümummilli Liderimiz belə dəyərləndirib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı”.
20 Yanvar hadisələrinə ilk siyasi qiymət
Bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, bu ağır cinayəti pisləyərək əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham edib. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırıb və aksiyanı törədənlərin məsuliyyətə cəlb olunmasını qətiyyətlə tələb edib. Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq Ulu Öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etirazını, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü bildirdi, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etdi. Dahi şəxsiyyətin bu bəyanatı bütün dünyada geniş əks-səda doğurub. Ulu Öndər sonradan o günləri xatırlayaraq deyib: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında Ümummilli Liderimiz tərəfindən hazırlanan və Onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Qərarda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətlərin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır”. Bu mühüm tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderimizin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş verib.
Faciə qurbanlarının xatirəsinə ucaldılan abidə – suveren Azərbaycan
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində Azərbaycan misilsiz tarixi zəfər qazandı, müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, bütün şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz buraxan 20 Yanvar faciəsini daim xatırlayır, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 1200-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Tarixi Zəfərimiz, müstəqil və qüdrətli Azərbaycan isə şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. Nə qədər ki bütöv, suveren Azərbaycan, müzəffər Ordumuz, qətiyyətli liderimiz, xalq-dövlət həmrəyliyi var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaq!
Nail ƏSGƏROV
Digər xəbərlər