"Dəmir Yumruq Alfa -A" Cəmiyyətinin üzvləri Orduba...
19:57 20.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Otuz üçüncü ildir ki, xalqımız bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində yaşadır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın hərbi mütəxəssisləri və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək bu qədim Azərbaycan torpağını yerləyeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı.
Azərbaycan Respublikasının prokurorluq orqanlarında 1988-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətrafındakı digər işğal olunmuş ərazilərdə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrindəki maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilər tərəfindən həyata keçirilən digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlanılaraq istintaq aparılmışdır.
Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun, daxili işlər naziri və Dövlət Təhlükəsizlik Xidməti rəisinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə istintaq aparılması həmin qrupa həvalə edilmişdir. Həmin cinayət işlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə müəyyən işlər görülüb, vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapmışdır.
Ümumilikdə, Xocalı soyqırımı üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1771 nəfər şahid, 2699 nəfər zərərçəkmiş şəxs qismində olmaqla, ümumilikdə, 4470 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar təyin olunmaqla keçirilmiş və digər zəruri istintaq hərəkətləri icra edilmişdir. Aparılan istintaqla Xocalıya hücum edən hərbi qulluqçuların və digər şəxslərin soyqırımıda iştirakı tam sübuta yetirilmiş və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Soyqırım”, “İşgəncə”, “Əhalini deportasiya etmə və ya məcburi köçürmə”, “Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma” və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar qəbul olunmuşdur. Bunlardan başqa, cinayət işi üzrə keçirilmiş “Kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası”nın rəyindən isə belə məlum olmuşdur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Aparılan istintaqla o da müəyyən edilmişdir ki, beynəlxalq humanitar hüquq normalarına, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atmışlar. Xocalıdan qaçan əhalinin Naxçıvanlı kəndi ərazilərində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir.
İstintaqla, həmçinin müəyyən edilmişdir ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq misli görünməmiş qətliamlar törətmişlər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tamamilə ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunub.
Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar sadaladıqlarımızla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı şəkildə qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymayaraq Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl ataraq “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyada və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətini törətmişlər.
Cinayət işinin istintaqı ilə müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət etməmişlər. Belə ki, 12 avqust 1949-cu il tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalara məhəl qoyulmamışdır. İbtidai istintaqla 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Soyqırım”, “İşgəncə”, “Əhalini deportasiya etmə və ya məcburi köçürmə”, “Cinsi zorakılıq” maddələri ilə nəzərdə tutulmuş cinayətləri etməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları barədə qərarlar qəbul edilməklə barələrində həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.
Uzun illər Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparmışdır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Prezident cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərməkdədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmış, faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmaqla planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuşdur. Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-nin 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul etmişlər. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunmuşdur.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu. Bu gün xalqımız Xocalı soyqırımını alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınmışdır. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Qalib İSMAYILOV
Naxçıvan şəhər prokuroru, baş ədliyyə müşaviri
Digər xəbərlər