Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Azərbaycan qadını tarixin bütün zamanlarında öz ucalığını qoruyub saxlamış, Vətənə, ailəyə sədaqəti, bağlılığı, fədakarlıq və qəhrəmanlığı, ictimai fəallığı ilə seçilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmiş, qadınların cəmiyyətdəki mövqeyinin əhəmiyyətini vurğulayaraq demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə yanaşı, onların demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratmışdır. Həmçinin Ulu Öndər tərəfindən imzalanmış “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncam və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman ölkənin sosial-iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab İlham Əliyev demişdir: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini davamlı dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”. Hər bir Azərbaycan qadını kimi, muxtar respublika qadınlarının da bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Öz sələflərinin yolunu böyük ənənəvilik prinsipi ilə davam etdirən muxtar respublika qadınlarının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına əsaslı təminatdır.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər