Naxçıvanda GPON şəbəkəsinin qurulması istiqamətind...
10:31 29.07.2026
0
0
0
NAXÇIVAN :
29 Iyul 2026, Çərşənbə
Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının keçdiyi tarixi yolun gələcək nəsillər üçün ən böyük dərs olduğunu vurğulayıb. Dövlət başçısı bildirib: “Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi olaraq qürurlu xalq kimi, qalib xalq kimi yaşasın…”
Prezident qeyd edib ki, milli kimlik və milli ləyaqət hər bir xalqın ən böyük sərvətidir. Müvəqqəti məğlubiyyət yaşamaq mümkündür, lakin xalq heç vaxt əyilməməli, işğalla barışmamalı və gələcək nəsillərə Vətən sevgisini, mübarizə əzmini aşılamalıdır. Azərbaycanın gələcək inkişafının da məhz Vətənə bağlı, iradəli və güclü gənclərdən asılı olduğunu vurğulayan dövlət başçısı onların ölkəmizin uğurlarını davam etdirəcəyinə əminliyini ifadə edib. Forumdakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və regionda yaranmış yeni reallıqlar barədə mühüm mesajlar səsləndirib. O bildirib ki, Azərbaycan suverenliyini bərpa etmək üçün gücdən istifadə etsə də, məqsədinə çatdıqdan sonra dayanmağı bacarıb: “Silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq”.
Bu fikirlər ötən əsrin sonlarında Azərbaycanın üzləşdiyi ağır sınaqları bir daha xatırladır. 1990-1993-cü illərdə ölkədə hökm sürən siyasi pərakəndəlik, idarəçilikdə yol verilən ciddi səhvlər və daxili qarşıdurmalar Birinci Qarabağ müharibəsində məğlubiyyətə zəmin yaratdı. Xalq isə bütün çətinliklərə baxmayaraq, müstəqilliyini və torpaqlarını qorumaq əzmindən dönmədi. Məhz belə bir dövrdə xalqın çağırışına cavab verən Ulu Öndər Heydər Əliyev Bakıya qayıdaraq ölkədə siyasi sabitliyin bərpasına nail oldu. Onun hakimiyyətə qayıdışı ilə dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı, ordunun formalaşdırılması sürətləndirildi və Azərbaycanın gələcək Zəfərinin möhkəm təməli qoyuldu.
Əbədi qələbə
Hakimiyyətə vəzifə naminə deyil, xalqa xidmət etmək üçün gəldiyini dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev bunu fəaliyyəti ilə də sübuta yetirdi. O, ömrünün sonunadək xalqına sədaqətlə xidmət etdi, tamamlaya bilmədiyi ən böyük arzusunun gerçəkləşəcəyinə isə inanaraq bu missiyanı gələcəyin Müzəffər Ali Baş Komandanına etibar etdi.
İllərlə həsrətini çəkdiyimiz o tarixi gün nəhayət yetişdi. Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti və tökdüyü qan hesabına tariximizin şanlı səhifələri yenidən yazıldı. Ulu Öndərin vaxtilə söylədiyi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” sözləri gerçəyə çevrildi.
44 gün davam edən Vətən müharibəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu zəfər təkcə hərbi gücümüzün deyil, həm də xalqın milli birliyinin, dövlətə və Vətənə sədaqətinin, tarixi ədalətə inamının təntənəsi idi. Məhz bu birlik Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi və bütün dünyaya göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Bu möhtəşəm qələbənin təməlində xalqın sarsılmaz həmrəyliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti və sonsuz Vətən sevgisi dayanırdı.
Bir çox ölkələr üçün nümunə sayılan “Böyük Qayıdış” proqramı
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə qarşılaşdığımız mənzərə illərlə bu torpaqlara qarşı həyata keçirilən vandalizmin miqyasını bütün dünyaya göstərdi. Daşı daş üstə qalmayan şəhər və kəndlərdə nə yaşayış evləri, nə də kölgəsinə sığınacaq bir ağac qalmışdı. Ermənilər bu torpaqları viran qoyaraq azərbaycanlıların bir daha doğma yurdlarına qayıda bilməyəcəyini düşünürdülər. Lakin onların hesablamadığı bir həqiqət var idi – Azərbaycan xalqının sarsılmaz iradəsi.
Prezident İlham Əliyevin dediyi kimi: “Ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq”.
Qələbədən sonra azad edilmiş ərazilərdə yeni inkişaf mərhələsinə başlanıldı. Bu mərhələ genişmiqyaslı bərpa-quruculuq işləri, dayanıqlı inkişaf hədəfləri və “Böyük Qayıdış” proqramının ardıcıl icrası ilə xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən etdiyi beş Milli Prioritetdən biridir. Bu prioritetlər əsasında hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkənin yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı”nın Fəaliyyət Planı isə postmünaqişə dövründə həyata keçirilən bərpa və məskunlaşma prosesinin institusional əsasını formalaşdırıb.
“Böyük Qayıdış” Konsepsiyası uzun illər doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə öz evlərinə qayıdışını təmin etməyə yönəlmiş dövlət siyasətidir. Bu məqsədlə azad olunmuş ərazilərdə yollar, elektrik, su, qaz və rabitə infrastrukturu yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri həyata keçirilir.
Proqram təkcə yaşayış məntəqələrinin bərpasını deyil, həm də iqtisadi və sosial həyatın dirçəldilməsini əhatə edir. Məşğulluğun artırılması, təhsil və səhiyyə xidmətlərinin bərpası, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün tətbiq olunan stimullaşdırıcı mexanizmlər azad edilmiş ərazilərin uzunmüddətli inkişafını təmin etməyə xidmət edir. Məhz buna görə də “Böyük Qayıdış” bu gün postmünaqişə bərpasının ən uğurlu modellərindən biri kimi beynəlxalq səviyyədə də maraq doğurur.
Bu proqram həm də məşğulluğun artırılması, təhsil və səhiyyə xidmətlərinin bərpası, eləcə də iqtisadi aktivliyin stimullaşdırılması ilə müşayiət olunur. Dövlət tərəfindən sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün müxtəlif güzəştlər tətbiq edilir. Bu yanaşma həmin ərazilərin uzunmüddətli iqtisadi dayanıqlılığını təmin etməyə hesablanıb.
Yüksək maliyyə vəsaiti və dövlətin möhkəm iradəsi
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramının icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu prosesin əsas dayaqları dövlətin qətiyyətli siyasi iradəsi və bərpa-quruculuq işlərinə ayrılan böyük maliyyə resurslarıdır. 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası məqsədilə dövlət büdcəsindən 22 milyard manat vəsait ayrılıb. 2026-cı ildə bu məqsədlə daha 3,5 milyard manatın ayrılması nəzərdə tutulub. Beləliklə, altı il ərzində bölgənin yenidən qurulmasına yönəldilən dövlət vəsaiti 25,5 milyard manata çatacaq. Quruculuq işlərinin sürətləndirilməsində əsas şərtlərdən biri də ərazilərin minalardan təmizlənməsidir. Bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir. Təkcə 2025-ci ildə 69,2 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə isə 2020-ci ildən bəri 249 min hektara yaxın sahə təhlükədən azad olunub. Cari ildə daha 65 min hektardan artıq ərazinin təmizlənməsi planlaşdırılır. Bu həm tikinti-quruculuq işlərinin genişlənməsinə, həm də kənd təsərrüfatına yararlı torpaq sahələrinin dövriyyəyə qaytarılmasına imkan yaradır.
Son beş ildə həyata keçirilən infrastruktur layihələrinin miqyası görülən işlərin əhatəsini aydın göstərir. Bu müddətdə ümumi uzunluğu 70 kilometr olan tunellər inşa edilib, tikintisi nəzərdə tutulan 500 körpünün 435-i istifadəyə verilib. Eyni zamanda elektrik stansiyaları, su təchizatı sistemləri, su anbarları, yaşayış evləri, məktəblər, xəstəxanalar tikilib, üç beynəlxalq hava limanı istifadəyə verilib, yeni dəmir yolu xətləri çəkilib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 85 mindən çox insan yaşayır və müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğuldur. Artıq 40-dan çox yaşayış məntəqəsində həyat bərpa olunub, sakinlərin rahat yaşayışı üçün zəruri sosial və kommunal infrastruktur yaradılıb. Bununla yanaşı, 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə şəhərsalma əsaslandırması təsdiq edilib. Azad edilmiş ərazilərdə həyata keçirilən bu genişmiqyaslı layihələr göstərir ki, Azərbaycan postmünaqişə dövründə özünəməxsus şəhərsalma və inkişaf modeli formalaşdırıb. Dünyanın bir sıra ölkələrində plansız urbanizasiya problemləri yaşandığı halda, Azərbaycan dağıdılmış torpaqlarda belə müasir, funksional və dayanıqlı yaşayış məkanları qurmaqla nümunə ortaya qoyur.
Bu gün Zəfər yolu ilə Şuşaya üz tutan, Füzulidə aparılan yenidənqurma işlərini izləyən, Ağalıda bərpa olunan həyatı görən hər bir azərbaycanlı bu torpaqlar uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, Qarabağın və Şərqi Zəngəzurun dağlarını yararaq doğma yurdlara yol çəkən insanların zəhmətini yüksək qiymətləndirir. Qarabağ Universitetində təhsil alan gənclər isə Vətənə bağlı, mətin, iradəli və bilikli vətəndaşlar kimi yetişərək Azərbaycanın uğurlarını davam etdirmək əzmi ilə çalışırlar. Bu isə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikrin – Azərbaycanın əbədi olaraq qürurlu və qalib xalq kimi yaşayacağına inamın ən bariz təzahürüdür.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər