NAXÇIVAN :

15 Iyul 2026, Çərşənbə

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

...

İyulun 14-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şuşa şəhərində ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının daxili işlər naziri Matuş Şutay-Eştok və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

V.Eyvazov Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, ölkədəki kriminogen durum və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Tərəflər transmilli mütəşəkkil cinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya və kibercinayətkarlıqla mübarizədə birgə səylərin, müasir texnologiyaların tətbiqinin və operativ informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Matuş Şutay-Eştok yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüş zamanı nazirlər daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Görüşdə hər iki ölkənin səfirləri də iştirak ediblər.

Nəşr edilib : 14.07.2026 17:24