NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Azərbaycan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir

...

Müasir dövrdə şəhərlərin dayanıqlı inkişafı, ekoloji təhlükəsizlik və urbanizasiya problemləri dünyanın əsas müzakirə mövzularından biridir. Bu baxımdan, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyində fəal iştirakının göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu 2001-ci ildə BMT tərəfindən təsis edilmişdir. Yaradılmasında əsas məqsəd sürətli urbanizasiya və onun dünyaya təsirini araşdırmaqdan ibarət olan və hər 2 ildən bir keçirilən bu forumun indiyə qədər 12 tədbiri keçirilib. Bu günlərdə isə XIII foruma Bakı ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumunda, əsasən, şəhərlərin gələcəyi və dayanıqlı inkişaf məsələləri müzakirə olunur. Burada dünyanın müxtəlif ölkələrindən siyasətçilər, alimlər, gənclər və şəhərsalma mütəxəssisləri iştirak edir. Forumun əsas məqsədi daha təhlükəsiz, inklüziv və ekoloji baxımdan dayanıqlı şəhərlərin formalaşdırılması üçün yeni yanaşmaların müzakirəsidir. Müasir dövrdə insanların kütləvi şəkildə şəhərlərə axını baş verir və bu proses özü ilə birlikdə mənzil təminatı, nəqliyyat əlçatanlığı, iqlim dəyişiklikləri kimi bir çox problemi də gətirir. Ümumdünya Şəhərsalma Forumunda dünyanın qarşı-qarşıya qaldığı bu problemlərin həlli istiqamətində müzakirələr aparılır. İştirakçı ölkələr bu mövzular ətrafında fikir mübadiləsi edir, öz təcrübələrini bölüşür və birgə həllər irəli sürürlər. Burada “ağıllı şəhər”lər və kəndlər, “yaşıl enerji”, rəqəmsal texnologiyalardan səmərəli istifadə ilə bağlı müzakirələr aparılır. Dövrün ən aktual problemi olan iqlim dəyişikliklərinə qarşı şəhərlərin müqavimətinin artırılması, təbiət hadisələrinə qarşı innovativ həllər təklif olunur. 

Əslində, WUF13 şəhərsalma forumu olmaqla yanaşı, həm də qlobal əməkdaşlıq platformasıdır. Burada aparılan müzakirələr gələcəkdə dünya əhalisinin daha rahat yaşayışı, ekoloji cəhətdən təmiz şəhərlər hədəfləyir. Belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu sahədə artıq kifayət qədər təcrübəmiz var və son illərdə Azərbaycan bir çox bu cür beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmişdir. Bu onu göstərir ki, ölkəmiz qlobal problemlərin müzakirəsində fəal iştirak edir və onların həllinə öz töhfəsini verir, həmçinin öz təcrübələrini beynəlxalq ictimaiyyətə təqdim edir.

WUF13-ün Bakıda təşkili işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin beynəlxalq ictimaiyyətə təqdimi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, müasir infrastruktur quruculuğu və dayanıqlı yaşayış modelləri forum iştirakçıları üçün maraqlı təcrübə nümunəsi olacaq.

WUF13, eyni zamanda insanların regionlarda möhkəmlənməsini və bölgələrin inkişafının yollarını araşdırır. Bu eyni zamanda BMT-nin Yeni Şəhər Gündəliyinin də həyata keçirilməsinə imkan verəcək. Nəticədə, şəhər həyatının daha rahat və ekoloji cəhətdən daha təmiz olmasına şərait yaradacaq. Burada, xüsusilə əlverişli mənzil təminatı, şəhər infrastrukturunun modernləşdirilməsi, yaşayış yerlərinin iqlim risklərinə uyğunlaşdırılması və şəhər mühitinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə diqqət yetirilir.

XIII Ümumdünya Şəhərsalma Forumunda müzakirə olunan ən mühüm mövzular arasında mənzil təminatının əlçatanlığı, yaşayış məntəqələrinin təbii fəlakətlərə dayanıqlılığının artırılması, nəqliyyat və infrastrukturun inkişafı, dayanıqlı və “yaşıl şəhər”lərin qurulması kimi əhəmiyyətli məsələlər də var.

Forumun Azərbaycanda keçirilməsi turizm, iqtisadiyyat və beynəlxalq əməkdaşlıq baxımından da əhəmiyyətlidir. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar Azərbaycanın mədəniyyəti, müasir şəhər infrastrukturu və inkişaf modeli ilə, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ölkəmizin müasir şəhərsalma təcrübəsi ilə yaxından tanış olurlar. Bundan əlavə, tədbir yerli mütəxəssislər və gənclər üçün beynəlxalq təcrübə qazanmaq və yeni əlaqələr qurmaq baxımından böyük rol oynayır. 

Nəticə olaraq XIII Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcək inkişafı və dayanıqlı urbanizasiya baxımından mühüm beynəlxalq platformadır. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkənin beynəlxalq nüfuzunun artdığını və qlobal problemlərin həllində fəal iştirak etdiyini göstərir. Bu forum gələcək şəhərlərin qurulması üçün yeni ideyaların və əməkdaşlıqların formalaşmasına böyük töhfə verir.

Nuray ƏLİYEVA

                    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 

filologiya elmləri doktoru

Nəşr edilib : 19.05.2026 15:00