Postmüharibə dövründə şəhid ailələri üzvləri və mü...
12:44 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə humanitar yönümlü ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək beynəlxalq səviyyədə fəal, etibarlı və barışdırıcı aktor kimi mövqeyini xeyli gücləndirib. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, müstəqilliyin bərpasının ilk illərində humanitar yardıma ehtiyac duyan respublikamız sonrakı dövrdə aparılan sistemli islahatlar və əldə olunan iqtisadi inkişaf nəticəsində donor ölkəyə çevrilməyi bacarıb. Bu transformasiya, eyni zamanda beynəlxalq əməkdaşlığın genişlənməsi və fəal xarici siyasətin real göstəricisi kimi dəyərləndirilə bilər. Məhz bu inkişaf modeli Azərbaycanın Ukrayna ilə münasibətlərində də humanitar yanaşmanın güclənməsinə və ikitərəfli əməkdaşlığın daha geniş məzmun qazanmasına şərait yaradıb. Bu çərçivədə Azərbaycan tərəfindən ukraynalı uşaqların reabilitasiyası, humanitar dəstək proqramları və mülki əhaliyə yardım təşəbbüsləri həyata keçirilir. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəri və səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlər isə Azərbaycan-Ukrayna əlaqələrinin gələcək hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Bu görüşlər iki ölkə arasında humanitar, siyasi və iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açır.
Liderlərin Qəbələdə keçirilən təkbətək və geniştərkibli görüşlərində Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərin ardından mətbuata bəyanatında iki ölkə arasında əməkdaşlığın təsdiqi baxımından səfərin əhəmiyyətinə toxundu: "Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi".
Humanitar missiya: mənəvi dayaq və sosial dəstək
Azərbaycanın xüsusilə regional münaqişə və müharibələr zamanı dinc sakinlərə dəymiş fəsadların aradan qaldırılmasına yönəlmiş humanitar dəstəyi beynəlxalq miqyasda təqdirəlayiq addım kimi dəyərləndirilir. Bu baxımdan, İran və Suriya ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya göstərilən humanitar təşəbbüsləri nümunə səviyyəsində qeyd etmək olar. Belə ki, 2022-2024-cü illər ərzində Ukraynaya, ümumilikdə, on milyonlarla ABŞ dolları dəyərində humanitar yardım göstərilib, xüsusilə enerji infrastrukturunun bərpası üçün transformatorlar, generatorlar və elektrik avadanlıqları göndərilib. Bununla yanaşı, məktəblər və sosial obyektlər üçün yanacaq və texniki dəstək təmin olunub. Azərbaycan, həmçinin Ukraynada bir sıra sosial obyektlərin – məktəb və uşaq bağçalarının bərpasında iştirak edib. Bu ilin ötən dövründə də həmin ölkəyə humanitar yardımlar davam etdirilib.
Azərbaycanın həyata keçirdiyi humanitar siyasət çərçivəsində müharibədən zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası xüsusi yer tutur. Təəssüf ki, münaqişələrin ən ağır psixoloji təsirini uşaqlar yaşayır və məhz buna görə respublikamızın bu istiqamətdə həyata keçirdiyi reabilitasiya proqramları mühüm humanitar təşəbbüs kimi dəyərləndirilir. Gələcəkdə ukraynalı tələbələrin də bu reabilitasiya proqramlarına cəlb olunması nəzərdə tutulur. Bu xüsusda aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Prezident İlham Əliyevin görüşündə də tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
İki ölkə arasında münasibətlərin mühüm dayaqlarından biri hər iki xalqın nümayəndələri arasında əlaqələr və faydalı mədəni dialoqdur. Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu bu əlaqələrin inkişafında körpü rolunu oynayır və mədəni, sosial və humanitar sahələrdə fəal iştirak edir.
İkitərəfli əlaqələrin gələcək perspektivləri baxımından isə Azərbaycanın Vətən müharibəsindən sonrakı bərpa və yenidənqurma sahəsində qazandığı təcrübə Ukrayna üçün də əhəmiyyətli ola bilər. Xüsusilə mina təmizlənməsi sahəsində əldə olunan praktiki bilik və imkanlar gələcək əməkdaşlıq istiqamətlərindən biridir. Bundan əlavə, bərpa və quruculuq proseslərində Azərbaycanın təcrübəsinin Ukrayna ilə bölüşülməsi geniş potensial əməkdaşlıq imkanları yaradır.
Balanslı siyasətdən iqtisadi əməkdaşlığa
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətini milli maraqlara əsaslanaraq həyata keçirir və beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan uzun illər ərazi bütövlüyü problemi yaşamış ölkə kimi bu prinsiplərin əhəmiyyətini dərindən anlayır. Buna görə də Rusiya-Ukrayna münaqişəsində tərəf tutmur və hərbi komponentlərdən kənarda qalır, münaqişənin yalnız dialoq və diplomatik yollarla həll olunmasını dəstəkləyir.
Azərbaycan balanslı xarici siyasət apararaq müxtəlif ölkələrlə münasibətlərini eyni zamanda inkişaf etdirə bilir. Rusiya və Gürcüstan arasında gərginlik dövründə belə Azərbaycan hər iki tərəflə əlaqələrini qoruyub saxlamağa və inkişaf etdirməyə nail olub. Bu yanaşma ölkənin diplomatik çevikliyini və praqmatik xarici siyasət modelini nümayiş etdirir. Eyni münasibət özünü Ukrayna ilə əlaqələrdə və əməkdaşlıq müstəvisində də bariz şəkildə göstərir.
Azərbaycan-Ukrayna münasibətləri, həmçinin iqtisadi əməkdaşlıqla da dəstəklənir. SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu amil enerji sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu da nümayiş etdirir. Prezident İlham Əliyev Volodimir Zelenski ilə Qəbələdə keçirilən görüşlərin ardından enerji sahəsində əməkdaşlığa xüsusi toxundu, ticarət dövriyyəsinin artırılmasının gündəlikdə duran məsələ olduğunu vurğuladı: "Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var".
Ümumilikdə, qeyd etmək olar ki, ötən illərin mənzərəsi, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri və Qəbələ görüşləri göstərir ki, Azərbaycan-Ukrayna əlaqələri humanitar dəstək, sosial əməkdaşlıq, iqtisadi münasibətlər və balanslı siyasi yanaşma əsasında formalaşaraq strateji mahiyyət kəsb edir. Bu münasibətlər gələcəkdə daha da genişlənmək və dərinləşmək potensialına malik olmaqla, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin yaradır.
Nail Əsgərov
Digər xəbərlər