Azərbaycanın Qazaxıstandakı səfiri II dərəcəli “Do...
23:52 26.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq modeli formalaşdırıb. Əsasını tarixi yaxınlıq, ortaq mədəni və dil bağları təşkil edən bu əlaqələr hazırda siyasi dialoq, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə praktiki əməkdaşlıq üzərində inkişaf edir. İki ölkə arasında münasibətlərin strateji xarakter almasının mühüm göstəricilərindən biri 2017-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamədir. Bu sənəd Azərbaycan-Türkmənistan əlaqələrinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirərək əməkdaşlığın uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirib. Sonrakı dövrdə əldə olunan nəticələr, həyata keçirilən birgə layihələr və yüksək səviyyəli qarşılıqlı səfərlər strateji tərəfdaşlığın real məzmunla zənginləşdiyini göstərir. Tərəflər BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirir, regional məsələlərdə ortaq mövqelərdən çıxış edirlər. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyi siyasi etimadın yüksək səviyyəsini göstərən mühüm amillərdəndir.
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və bu çərçivədə keçirilən yüksək səviyyəli görüşlər isə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi. Səfər zamanı imzalanan sənədlər gömrük, enerji, nəqliyyat, iqtisadiyyat və sosial sahələrdə əməkdaşlığın genişlənməsinə hüquqi və institusional əsas yaradır. Bu sənədlər həm də əlaqələrin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret layihələr və icra mexanizmləri ilə möhkəmləndirildiyini təsdiqləyir. Prezidentlərin mətbuata verdiyi bəyanatlarda vurğulanan məqamlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri artıq təkcə tarixi yaxınlıqla deyil, həm də qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlıq çərçivəsində formalaşır. Xüsusilə enerji təhlükəsizliyi, Xəzər regionunda nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi inteqrasiya bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Səfər çərçivəsində “Dostlug” neftdaşıyan tankerinin Türkmənistana hədiyyə edilməsi isə münasibətlərin simvolik və praktiki ölçüsünü bir araya gətirən mühüm hadisə kimi qiymətləndirilir. Bakı Gəmiqayırma Zavodunda inşa olunan bu tanker Azərbaycanın sənaye potensialını və gəmiqayırma sahəsində əldə etdiyi texnoloji imkanları nümayiş etdirir. Eyni zamanda bu addım Xəzər dənizində nəqliyyat və logistika əməkdaşlığının genişlənməsinə, enerji daşımalarının səmərəliliyinin artırılmasına xidmət edir. “Dostlug” tankerinin təqdimatı Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək etimad və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərməklə yanaşı, gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyinə dair siyasi mesaj təsiri bağışlayır.
Ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrin hərəkətverici istiqamətlərindən biri kimi ön plana çıxır. Son illərdə ölkələr arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Xüsusilə enerji məhsulları, sənaye malları, nəqliyyat xidmətləri və kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq genişlənir. Hər iki ölkə Xəzər dənizi hövzəsində yerləşən mühüm iqtisadi tərəfdaşlar kimi qarşılıqlı investisiya imkanlarını da araşdırır. Bu baxımdan, nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan-Türkmənistan münasibətlərinin strateji sütunlarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı Xəzər üzərindən yükdaşımaların əsas qovşaqları hesab olunur. Son illərdə Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa marşrutu (Orta Dəhliz) üzrə yük axınının artması hər iki ölkənin tranzit əhəmiyyətini yüksəldib. Orta Dəhlizin inkişafı çərçivəsində Bakı və Türkmənbaşı limanlarının əməkdaşlığı Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. İyunun 22-də Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında nəqliyyat-logistika istiqamətində əməkdaşlığın perspektivlərinə toxundu, bu sahənin ümumi coğrafiya üçün strateji əhəmiyyətə malik olduğunu vurğuladı. Sitat: “Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir”.
Azərbaycan-Türkmənistan əlaqələrinin dərinləşməsində enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizində yerləşən “Dostlug” yatağının birgə işlənməsi üzrə imzalanan saziş iki ölkə arasında enerji tərəfdaşlığının mühüm nümunəsi hesab edilir. Uzun illər mübahisəli qalan yataqla bağlı qarşılıqlı anlaşmanın əldə olunması Azərbaycan və Türkmənistan arasında etimadın möhkəmləndiyini göstərir. Bununla yanaşı, hər iki ölkə Avrasiya məkanının mühüm enerji istehsalçıları kimi regional enerji təhlükəsizliyinə töhfə verir.
Ölkələr arasında humanitar sahədə əlaqələr də dinamik inkişaf edir. Son illərdə Bakı, Gəncə, Aşqabad və Arkadağ şəhərlərində qarşılıqlı Mədəniyyət Günləri keçirilib, elm, təhsil və incəsənət sahələrində əməkdaşlıq genişlənib. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər elan olunması xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Türkmənistanın Qarabağın bərpası prosesinə verdiyi dəstək də münasibətlərin xüsusi xarakterini ortaya qoyur. Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi qardaşlıq münasibətlərinin rəmzi addımlarından biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında humanitar sahədə ikitərəfli əlaqələrin xeyli gücləndiyini vurğuladı, Füzuli şəhərində tikilən məscidi Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi kimi dəyərləndirdi: “Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi”.
Səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Qarabağa gəlişi də xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə birlikdə Füzuli və Şuşaya səfər edən Türkmənistan Prezidenti azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub. Dövlət başçıları Füzuli şəhərinin işğal dövründə dağıdılmış ərazilərinə baxıb, bölgənin yenidən qurulması istiqamətində görülən işlər, Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə məlumat alıblar. Füzulidə həyata keçirilən layihələrin təqdimatı Qarabağın bərpasına verilən beynəlxalq dəstəyin və tərəfdaş ölkələrin bu prosesə marağının göstəricisi kimi qiymətləndirilə bilər.
Prezidentlərin Şuşaya səfəri isə əməkdaşlığın humanitar və mədəni ölçüsünü ön plana çıxarıb. Dövlət başçıları Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksinə baş çəkib, Şuşa məscidində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Həmçinin “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıb, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərini və Bülbülün ev-muzeyini ziyarət ediblər. Şuşanın tarixi-mədəni irsinin bərpası istiqamətində görülən işlərlə tanışlıq Türkmənistanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi layihələrə verdiyi önəmi nümayiş etdirir.
Səfərin diqqətçəkən məqamlarından biri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Qarabağ atının hədiyyə olunmasıdır. Türk dünyasının qədim mədəni irs nümunələrindən sayılan Qarabağ atı möhkəm dostluğun, qarşılıqlı etimadın və qardaşlığın rəmzi kimi təqdim edilib. Bu jest iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda ortaq tarixi-mədəni dəyərlər üzərində möhkəmləndiyini göstərir. Ümumilikdə, Qarabağ proqramı Azərbaycan və Türkmənistan arasında formalaşan yüksək etimad mühitini, humanitar və mədəni əlaqələrin strateji tərəfdaşlığın vacib tərkib hissəsinə çevrildiyini bir daha nümayiş etdirir.
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana gəlişi və Bakıda keçirilən yüksək səviyyəli görüşlər, eləcə də Qarabağ səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin regional geosiyasi kontekstdə artan strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndiyi bir şəraitdə hər iki ölkə Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və regional sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda Türk dünyasında inteqrasiya proseslərinin vacib tərkib hissəsi kimi çıxış edir. Son illərdə əldə olunan nəticələr və həyata keçirilən birgə layihələr göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı etimad və ortaq strateji maraqlar əsasında dinamik şəkildə inkişaf edir və gələcəkdə daha geniş miqyas alaraq regionun iqtisadi-siyasi mənzərəsinə əhəmiyyətli təsir göstərəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər