NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı üçün əməli addımlar atır

...

“Oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısının keçirilməsi həm Azərbaycan, həm də bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı 3 oktyabr  2009-cu ildə  Naxçıvan şəhərində imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə təsis olunub. Naxçıvan müqaviləsində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və tərəflər arasında təmasların təşviqi göstərilib. Prezident İlham Əliyevin də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə  çıxışı zamanı dediyi kimi: Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir” .

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova deyib.

Zirvə görüşü qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirir.  Bu toplantı bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri təsdiq etməyə imkan yaradır. Görüş zamanı qəbul olunan sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli görüşlər keçirməsi yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkanlardır.    

Deputat qeyd edib ki, Türk dünyasının birləşdirici gücü kimi Azərbaycanın TDT-nin hərtərəfli inkişafında rolu böyükdür. Prezident İlham Əliyevin ötən ilin fevralında andiçmə mərasimində səsləndirdiyi  “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, fikirləri ölkəmizin Türk dünyasının birliyinə verdiyi dəyəri bir daha nümayiş etdirir. 

“Azərbaycan təşkilatın möhkəmlənməsi,  türkdilli ölkələr arasında əməkdaşlığın daha da  inkişafı üçün əməli addımlar atır. Həmçinin qurumun ölkəmizdə keçirilən tədbirləri də hər zaman yüksək təşkilatçılığı, dost və qardaş ölkələrdən gələn əziz qonaqlara göstərilən diqqət və qayğı ilə yadda qalır.  Bu dəfə isə Türk dünyasının həmrəyliyinin növbəti təntənəsi tarixi şəhərimiz Qəbələdə yaşanır. Qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirən və “Regional sülh və əməkdaşlıq” mövzusuna həsr edilən Qəbələ Zirvə görüşündə bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələlər müzakirə mövzusu olacaq”, - deyə deputat Ülkər Bayramova bildirib.

Nəşr edilib : 08.10.2025 10:11