XİN: Odessa sahillərində hücuma məruz qalan gəmini...
00:13 15.07.2026
0
0
0
NAXÇIVAN :
15 Iyul 2026, Çərşənbə
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında tərəfdaşlığın davamlılığı, ilk növbədə, qarşılıqlı etimad, ortaq maraqlar və konkret nəticələr doğuran əməkdaşlıq mexanizmləri ilə müəyyən olunur. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət kursu ölkəmizin müxtəlif regionlarla etibarlı tərəfdaşlıq əlaqələri qurmasına möhkəm zəmin yaradıb. Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrin inkişafı bu siyasətin mühüm istiqamətlərindən biridir. Son illərdə Azərbaycan-Slovakiya münasibətlərinin yüksələn xətt üzrə inkişafı da məhz qarşılıqlı etimada söykənən və strateji məzmun qazanan əməkdaşlığın uğurlu nümunələrindən biri kimi diqqət çəkir. İki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri mühüm siyasi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Şuşada keçirilən yüksək səviyyəli görüşlər yalnız ikitərəfli münasibətlərin mövcud vəziyyətinin müzakirəsi deyil, həm də Azərbaycan-Slovakiya tərəfdaşlığının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Səfər zamanı Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlinin qoyulması isə Azərbaycan-Slovakiya əməkdaşlığının sosial və humanitar istiqamətlərdə də inkişaf etdiyini göstərir. Məktəbin Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunması, eləcə də kəndin inşasında Slovakiya şirkətlərinin iştirak etməsi iki ölkə arasında münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslərlə zənginləşdiyini ortaya qoyur.
İyulun 14-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Slovakiya Prezidenti Peter Pelleqrininin keçirdiyi görüşlər və mətbuata verdikləri bəyanatlar göstərir ki, iki ölkə arasında münasibətlər artıq siyasi dialoq mərhələsini geridə qoyaraq konkret layihələr və uzunmüddətli strateji hədəflər üzərində qurulan yeni inkişaf mərhələsinə daxil olub. Prezidentlərin səsləndirdikləri fikirlər Azərbaycan-Slovakiya əməkdaşlığının perspektivlərinin kifayət qədər geniş olduğunu bir daha təsdiqləyir.
Slovakiya Prezidentinin səfərinin Qarabağdan başlaması xüsusi siyasi və simvolik məna daşıyır. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma prosesində beynəlxalq tərəfdaşların dəstəyini nümayiş etdirməklə yanaşı, Qarabağın artıq beynəlxalq iqtisadi əməkdaşlıq məkanına çevrildiyini göstərir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi Avropa şirkətlərinin regionun bərpasında fəal iştirakını təsdiqləyən mühüm nümunədir. Bu fakt həm də Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə aparılan quruculuq siyasətinə verdiyi dəstəyin praktik ifadəsidir. Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında da Slovakiyanın Azərbaycanın Böyük Qayıdış siyasətinə bu dəstəyini yüksək qiymətləndirdi. Sitat: “Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Göründüyü kimi, iki ölkə arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə artıq real nəticələr verməyə başlayıb. Müntəzəm siyasi təmaslar, qarşılıqlı yüksək səviyyəli səfərlər, hökumət üzvlərinin və biznes nümayəndələrinin intensiv dialoqu münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.
Təbii ki, enerji sahəsi Azərbaycan-Slovakiya tərəfdaşlığının strateji istiqamətlərindən biri olaraq qalır. Məlum olduğu üzrə son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Respublikamız hazırda 16 ölkəyə mavi yanacaq nəqli həyata keçirir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. 2007-ci ilin əvvəlindən etibarən 2026-cı ilin birinci rübünün sonunadək Cənub Qaz Dəhlizi vasitəsilə 196,5 milyard kubmetr “mavi yanacaq” ixrac olunub. Bunun da 58 milyard kubmetri Avropa bazarlarına çatdırılıb. Hazırda təbii qaza ciddi ehtiyac duyulduğunu nəzərə alsaq, Azərbaycandan “mavi yanacaq” alan Avropa ölkələrinin sayının daha da artacağı gözlənilir. Bu situasiya və göstəricilər Azərbaycanın enerji resurslarının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm töhfəsini əks etdirir. Avropada təbii qaza olan tələbatın yüksək olaraq qalması Azərbaycanın enerji tərəfdaşları coğrafiyasının genişlənməsi üçün yeni imkanlar yaradır. Məhz bu kontekstdən Slovakiya Prezidentinin mətbuata bəyanatında enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyi xüsusi vurğulaması da ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir. Eyni zamanda 2027-ci ildən sonrakı dövr üçün uzunmüddətli enerji əməkdaşlığı ilə bağlı aparılan danışıqlar münasibətlərin davamlı xarakter daşıdığını nümayiş etdirir.
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlığın məzmunu da keyfiyyətcə yeni mərhələyə keçir. Tərəflər münasibətlərin yalnız ticarət əlaqələri ilə məhdudlaşmadığını, daha geniş və uzunmüddətli tərəfdaşlıq formatının formalaşdırılmasının vacibliyini vurğulayırlar. Birgə istehsal, texnologiya mübadiləsi, qarşılıqlı investisiyalar və sənaye kooperasiyası gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilir. Bakıda keçiriləcək Azərbaycan-Slovakiya biznes forumu bu sahədə mövcud imkanların genişləndirilməsi və yeni layihələrin təşviqi baxımından mühüm platforma olacaq.
Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolu da Slovakiya tərəfindən yüksək qiymətləndirilir. Prezident Peter Pelleqrininin mətbuata bəyanatında Azərbaycanı Şərqlə-Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından biri kimi xarakterizə etməsi ölkəmizin Orta Dəhliz və digər beynəlxalq marşrutlardakı strateji əhəmiyyətinin Avropa tərəfindən yüksək dəyərləndirildiyini göstərir. Bu istiqamətdə əməkdaşlığın inkişafı nəqliyyat, tranzit və logistika sahələrində yeni imkanların yaranmasına şərait yaradır. Eyni zamanda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən birinə çevrilir. 2027-ci və 2028-ci illərdə Slovakiyanın Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi funksiyasını həyata keçirəcək olması, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi və müdafiə sənayesi sahəsində dialoqun inkişaf etdirilməsi tərəflər arasında qarşılıqlı etimadın göstəricisidir. Bununla yanaşı, Slovakiyanın Azərbaycanın regional sülh təşəbbüslərinə verdiyi dəstək ölkəmizin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq diqqətin artdığını nümayiş etdirir. Həmçinin humanitar əlaqələrin genişləndirilməsi də iki ölkə arasında strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bu ilin oktyabr ayından etibarən fəaliyyətə başlayacaq birbaşa aviareyslər turizm, təhsil, mədəniyyət və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq. Bu addım xalqlar arasında qarşılıqlı təmasların artmasına və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Ümumilikdə, iyulun 14-də Şuşada keçirilən yüksək səviyyəli görüşlər və prezidentlərin bəyanatları göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Qarabağın bərpası, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sənaye və müdafiə sahələrini əhatə edən bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də Azərbaycanın Avropa ölkələri ilə çoxşaxəli tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfə verir. Rəsmi Bakı ilə Bratislava arasında formalaşan siyasi dialoq və qarşılıqlı etimadın gələcəkdə konkret layihələr və qarşılıqlı fayda prinsipi əsasında daha da genişlənəcəyi gözlənilir. Prezident İlham Əliyevin dediyi kimi: “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”.
Nail ƏSGƏROV
Digər xəbərlər