NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Azərbaycan - Şimali Makedoniya ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır

...

“Azərbaycan irəli sürdüyü Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri ilə Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. 2022-ci ilin iyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında sözügedən layihələr vasitəsilə ilbəil qaz tədarükü artırılır. Hazırda respublikamız 10 Avropa ölkəsinə mavi yanacaq nəql edir ki, onlardan biri də Şimali Makedoniyadır”.

Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Bəhruz Məmmədov deyib.

Deputat qeyd edib ki, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə sayca ikinci səfəri enerji təchizatı sahəsində əməkdaşlığın gücləndirilməsi üçün yeni ideyaların səsləndirilməsi, müzakirələrin aparılması ilə yadda qaldı. Liderlər mətbuata bəyanatlarında siyasi dialoqların dinamik inkişafını yüksək qiymətləndirdilər, iqtisadi sahədə əlaqələrin dərinləşməsinin vacibliyini ön plana çəkdilər. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparıldığını, iqtisadi, sərmayə qoyuluşu sahələrində imkanların araşdırılmalı olduğunu qeyd etdi. Öz növbəsində, xanım Qordana Silyanovska-Davkova Azərbaycanın nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçildiyini, o cümlədən Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpa olunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrildiyini vurğuladı.

         “Ümumilikdə, onu qeyd edə bilərik ki, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə növbəti səfəri ölkələrarası əlaqələrin dərinləşməsinə mühüm töhfələr verəcək. Gələcəkdə xüsusilə iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin inkişafı üçün mühüm perspektivlərin ortaya çıxacağı gözləniləndir. Hazırkı dönəmə uyğun onu demək olar ki, Şimali Makedoniyanın Azərbaycanın mədəniyyətinə xüsusi marağı vardır. Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da olduğu kimi, budəfəki səfər də bu baxımdan zənginliyi ilə seçiləcək”, – deyə Bəhruz Məmmədov əlavə edib.

Nəşr edilib : 13.03.2025 15:33