NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

...

İyulun 28-də Belqrad şəhərində Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiyaın nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.
Siyasi məsləhətləşmələr çərçivəsində, Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlığın təşviqi istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar çağırışlar, eləcə də həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində, F. Rzayev, həmçinin Serbiya Prezidentinin müşaviri Tatyana Yoviç və Serbiya Milli Assambleyası sədrinin müavini, Xarici İşlər Komitəsinin sədri Marina Raquş ilə görüşlər keçirib, eləcə də Serbiyanın Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunda tədqiqatçılar və ekspertlərlə təşkil olunmuş dəyirmi masa müzakirələrində iştirak edib.

Nəşr edilib : 28.07.2026 19:03