NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş bitki növlərinin mühafizəsinə həsr olunan maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunun Ərəfsə kəndində Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş bitki növlərinin mühafizəsinə həsr olunan maarifləndirici tədbir keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı qanunvericiliyin tələbləri, "Qırmızı Kitab"a daxil edilmiş bitkilərin qanunsuz dərilməsi, toplanılması və məhv edilməsinə görə tətbiq olunan inzibati məsuliyyət tədbirləri barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşı çıxış edərək "Qırmızı Kitab"a daxil edilmiş bitki növləri, onların yayılma arealları, bioloji xüsusiyyətləri və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verib, vətəndaşları nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin qorunmasına həssas yanaşmağa çağırıb.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.

Nəşr edilib : 27.08.2026 11:00