NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması məqsədilə qərara alıram:

1. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti:

1.1. nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.3. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2024-cü il

Nəşr edilib : 23.12.2024 17:51