NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 27.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş informasiya sistemi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “27.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bəndə “27.4-cü” sözlərindən sonra “maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 27.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2025-ci il

Nəşr edilib : 05.06.2025 17:12