NAXÇIVAN :

09 Avqust 2026, Bazar

Azərbaycan regionda davamlı sülhün təşəbbüskarı və qarantıdır

...

2020-ci ildə 44 günlük müharibədə tarixi torpaqlarını işğaldan azad edərək ədaləti bərpa edən qalib Azərbaycan Prezident cənab İlham Əliyevin liderliyində regionda yeni sülh təşəbbüslərinin də əsasını qoydu. Bundan sonrakı dövrdə tam ərazi bütövlüyünü təmin edən və regional müstəvidə hər bir siyasi, iqtisadi və diplomatik proseslərə tam nəzarət edən ölkəmiz üçün onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyaların tam bərpasına nail olmaq dövlət başçımızın gündəliyindəki ən mühüm məsələlərdən biri olmuşdur. Məhz bu baxımdan, dünən – 8 avqust 2026-cı il tarixdə bir ili tamam olan Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşündə əldə olunan razılaşmalar hərtərəfli tarixi əhəmiyyət daşıyır.
Ötən il 8 avqust tarixdə Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş görüş, bu mənada, Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Artıq bir ildir ki, tərəflər arasında praktiki olaraq sülh şəraiti yaranmışdır. Məhz bu görüşün nəticəsində Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanması ölkəmizin yalnız müharibədən sonra formalaşmış yeni reallığın müəllifi deyil, eyni zamanda həmin reallığın sülh, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq üzərində qurulan yeni regional əməkdaşlıq formuluna çevrilməsinin təşəbbüskarı olduğunu bütün dünyaya sübut edir. Məhz bu prizmadan tarixi Zirvə Görüşünün birinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub bu prosesin siyasi mahiyyətini qiymətləndirmək və ölkəmizin sülhə nə qədər dəyər verdiyi baxımından xüsusi əhəmiyyət daşıyır. Məktubda ABŞ Prezidentinin sülh prosesindəki roluna yüksək dəyər verən dövlət başçımız, Vaşinqton görüşünün nəticələrini təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından deyil, həm də uzun illər o qədər də ürəkaçan olmamış Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi kimi də qiymətləndirir. Şübhəsiz, 30 il torpaqları işğal altında qalmasına baxmayaraq, bu dövrdə istər ATƏT, istərsə də güc mərkəzi ABŞ tərəfindən haqlı tələbləri dinlənilməmiş Azərbaycanın D.Tramp tərəfindən Cənubi Qafqazın sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirilən güclü liderliyə verdiyi bu qiymət dövlət başçımızın siyasi uzaqgörənliyindən xəbər verir. Bu, bilavasitə,Yaxın Şərq və Rusiya-Ukrayna böhranlarının getdikcə dərinləşdiyi bir dövrdə xalqların sülhə qovuşmasının siyasi uzaqgörənlik və praqmatik liderlik prizmasından nə qədər şəffaf olduğunu da bir daha dünya siyasi elitasına sübut edir.
Ötən bir il göstərdi ki, Vaşinqton görüşündə əldə olunan tarixi razılaşma sülh və gələcək əməkdaşlıq üçün çox dəyərlidir. Təcavüzə məruz qalmış Azərbaycan 30 ildə verdiyi şəhidlərin xatirəsini heç zaman unutmadan gələcəkdəki davamlı sülhə də verdiyi diqqətlə bu öhdəliklərinə sadiqdir. Məhz bu baxımdan, 8 avqust Vaşinqton Zirvə Görüşünün Birgə Bəyannaməsində tərəflərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülh, sabitlik və rifahın təşviq edilməsini, həmçinin kommunikasiyaların açılmasının əhəmiyyətini təsdiqləməsi bu yanaşmanın mühüm siyasi ifadəsidir. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması isə 30 illik blokada məngənəsində sıxılan naxçıvanlıların doğma Azərbaycana birbaşa, dayanmadan gediş-gəlişini təmin edəcək, həmçinin Türkiyə və Mərkəzi Asiya ilə bağlantılar genişlənəcək, Ermənistan yeni nəqliyyat və iqtisadi imkanlar qazanacaq, qlobal güc ABŞ isə öhdəsinə düşən geosiyasi mövcudluğunu sülhə xidmətlə isbat etmiş olacaq.
Göründüyü kimi, Şimalımızda və Cənubumuzda geosiyasi düyünlərin daha da qarmaqarışıq bir hala gəldiyi, sülhə aparan ümidlərin tükəndiyi hazırkı dövrdə Azərbaycan Prezidentinin apardığı siyasət qalib ölkəmizin bütün Cənubi Qafqazın gələcək inkişaf modelinin formalaşmasında da söz və güc sahibi olduğunu bir daha göstərir. Tarixi fürsətləri dəyərləndirib gücünü daha artıracaq Azərbaycan qarşıdakı dövrlərdə də bu geosiyasi modeldə həmişə ən güclü tərəf, ən etibarlı qarantor ölkə olacaq.


Əli Cabbarov

Nəşr edilib : 09.08.2026 10:34