Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olublar. Onların cəmiyyətdə yeri, nüfuzu və ona münasibət çox ucadır. Müasir Azərbaycan qadını öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.
Azərbaycan tarixinə nəzər salsaq, kifayət qədər misallar göstərə bilərik. Zaman keçdikcə, nə qədər istedadlı, ağıllı və cəsarətli qadının adı tarixə yazıldı. Xüsusilə də XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, indiki terminlə desək, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirlər.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada, 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Mən deyərdim ki, Azərbaycan qadınına ən yüksək qiyməti də Ulu Öndər Heydər Əliyev verib.
Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Bu gün ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Bundan başqa, qadınlarımız yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyətləri ilə seçilirlər. Bu məqamda Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mehriban xanımın çoxşaxəli fəaliyyəti Azərbaycan qadını üçün bir nümunədir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət, hər şeydən əvvəl, dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Azərbaycan qadını, hər şeydən əvvəl, 44 günlük Vətən müharibəsinin Zəfər ilə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Onları dünyaya gətirən, boya-başa çatdıran, qollarına güc, qəlbinə Vətən sevgisi gətirən, Azərbaycanımız üçün layiqli övladlar böyüdən simadır.
Yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsi günlərində Azərbaycan qadını misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirməsi ilə yadda qaldı.
Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər