Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb...
19:30 28.08.2026
0
0
0
NAXÇIVAN :
28 Avqust 2026, Cümə
Azərbaycanla Özbəkistanı bir-birinə bağlayan münasibətlər, sadəcə, iki dövlət arasında diplomatik əlaqələrlə məhdudlaşmır. Bu münasibətlərin kökündə ortaq tarix, dil və mədəniyyət yaxınlığı, milli-mənəvi dəyərlər, qarşılıqlı hörmət və ən əsası, əsrlərin sınağından çıxmış qardaşlıq dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bu dostluğun müasir mərhələdə hansı yüksək səviyyəyə çatdığını bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan xalqının Özbəkistana və qardaş özbək xalqına bəslədiyi səmimi münasibətin ifadəsi idi. Bu münasibətin arxasında yalnız tarixi yaxınlıq deyil, həm də bu günün reallıqları, qarşılıqlı etimad və gələcəyə hesablanmış strateji baxış dayanır.
Bu gün Daşkəndin və bütövlükdə, Özbəkistanın simasında sürətlə dəyişən, inkişaf edən, öz potensialını ardıcıl şəkildə reallaşdıran güclü dövlət görürük. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu yüksəliş həm iri layihələrdə, həm şəhərlərin simasında, həm də sosial-iqtisadi həyatın bütün sahələrində açıq şəkildə hiss olunur.
Əsl dostluğun ən mühüm xüsusiyyəti dostunun uğuruna öz uğurun kimi sevinməkdir. Azərbaycan Özbəkistanın qazandığı nailiyyətlərə məhz bu mövqedən yanaşır. Çünki güclü Özbəkistan yalnız özbək xalqının deyil, bütövlükdə, Türk dünyasının güclənməsi deməkdir. Eyni zamanda güclü Azərbaycan da Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi, iqtisadi və nəqliyyat körpülərinin formalaşmasına xidmət edir.
Bu gün iki ölkə münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biri qardaşlıq əlaqələrinin konkret iqtisadi məzmunla tamamlanmasıdır. Artıq Azərbaycan və Özbəkistan arasında bir milyard dollarlıq ticarət dövriyyəsi uzaq perspektiv deyil, yaxın illərdə əldə olunması real görünən hədəf kimi qiymətləndirilir. Qarşılıqlı investisiyalar, yeni istehsal sahələri və birgə layihələr münasibətlərin iqtisadi dayaqlarını daha da möhkəmləndirir. Əslində, bu proses daha geniş bir reallığın tərkib hissəsidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycanı “vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə etməsi də bu reallığı ifadə edir. Azərbaycan artıq Mərkəzi Asiyanın türk dövlətləri ilə yalnız tarixi və mədəni bağlarla deyil, nəqliyyat dəhlizləri, enerji layihələri, investisiya əlaqələri və ortaq siyasi maraqlarla da sıx şəkildə bağlıdır.
Azərbaycan-Özbəkistan əməkdaşlığının miqyası isə bu yeni reallığın ən bariz nümunələrindən biridir. Enerji və nəqliyyatdan turizmə, dağ-mədən sənayesindən avtomobil istehsalına, kənd təsərrüfatından bank sektoruna qədər geniş sahələri əhatə edən əməkdaşlıq artıq kompleks xarakter daşıyır. Azərbaycan banklarının Özbəkistan bazarına çıxışı, SOCAR-ın bu ölkənin pərakəndə satış sektorunda fəaliyyətə başlaması, neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin irəliləməsi münasibətlərin iqtisadi baxımdan nə qədər böyük perspektivə malik olduğunu göstərir.
Lakin iki xalqın münasibətlərini fərqləndirən əsas cəhət rəqəmlərdən və iqtisadi göstəricilərdən daha böyükdür. Bu münasibətlər Prezident İlham Əliyevin sözləri ilə desək, həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Dünya siyasətində məhz belə bir sintezə nadir hallarda rast gəlinir. Azərbaycan və Özbəkistan nümunəsində tarixi qardaşlıq müasir siyasi və iqtisadi əməkdaşlıqla tamamlanır.
Bu dostluq paytaxtlarla da məhdudlaşmır. Bakı ilə Daşkənd arasında yaradılan yüksəksəviyyəli münasibətlər getdikcə regionlara, şəhərlərə, iqtisadi subyektlərə və insanlar arasında əlaqələrə də təsir edir. Regionlararası əməkdaşlıq forumları, birgə investisiya fondu, turizm və avtomobil sənayesinə yatırımlar göstərir ki, qarşıdakı mərhələdə Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadi miqyası daha da genişlənəcək.
Azərbaycan xalqı Özbəkistanın qardaşlığını ən həssas və tarixi məqamlarda da hiss edib. Qarabağın bərpasında Özbəkistanın nümayiş etdirdiyi mövqe bunun ən parlaq nümunələrindəndir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi Azərbaycan-Özbəkistan qardaşlığının azad edilmiş torpaqlarımızda ucaldılmış abidəsidir. Xankəndidə tikiş fabrikinə Özbəkistan investisiyasının yönəldilməsi, Qarabağda ilk böyük sənaye müəssisələrindən birinin qardaş ölkə ilə bağlı olması da bu həmrəyliyin iqtisadi məzmun qazandığını göstərir.
Bütün bunların arxasında isə qarşılıqlı etimad dayanır. İnvestisiya həm də güvənin göstəricisidir. Dövlətimizin başçısının vurğuladığı kimi, investisiyalar, adətən, dost, bizim vəziyyətimizdə isə qardaş ölkələrə yatırılır. Azərbaycan və Özbəkistanın bir-birinin iqtisadiyyatına artan marağı məhz siyasi sabitliyin, qarşılıqlı inamın və uzunmüddətli tərəfdaşlıq iradəsinin nəticəsidir.
Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış şəxsi dostluq da dövlətlərarası münasibətlərin inkişafına xüsusi dinamika verir. Dövlət başçılarının bir-birinə ali dövlət mükafatlarını – “Dostluq” və “Heydər Əliyev” ordenlərini təqdim etməsi münasibətlərin siyasi və mənəvi səviyyəsini simvolik şəkildə ifadə edən mühüm hadisə oldu. Bu iki ölkə arasında mövcud münasibətlərin yalnız dövlətlərarası deyil, həm də liderlər səviyyəsində möhkəm qarşılıqlı etimada söykəndiyini göstərir.
Bu gün Azərbaycan və Özbəkistan münasibətlərinin qarşısında yeni üfüqlər açılır. Türk dünyasının inteqrasiyası güclənir, Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının əhəmiyyəti artır, Mərkəzi Asiya ilə Azərbaycan arasında iqtisadi və siyasi bağlar yeni mərhələyə qədəm qoyur.
Əbədi dostluğun gücü də məhz bundadır: zaman dəyişir, geosiyasi reallıqlar yenilənir, əməkdaşlığın istiqamətləri genişlənir, lakin Azərbaycanla Özbəkistanı birləşdirən qardaşlıq daha da möhkəmlənərək yeni məzmun qazanır. Bu münasibətlər bundan sonra da xalqlarımızın rifahına iki dövlətin birgə inkişafına və bütövlükdə, Türk dünyasının güclənməsinə mühüm töhfələr verəcəkdir.
Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər