NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

Azərbaycan-Laos: siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru

...

Dövlətlər arasında etibarlı siyasi dialoqun qurulması və bu dialoqun konkret iqtisadi nəticələrlə möhkəmləndirilməsi uğurlu tərəfdaşlığın əsas şərtlərindəndir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu ilə ənənəvi dostluq münasibətlərini yeni əməkdaşlıq imkanları ilə zənginləşdirir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlər və səsləndirilən bəyanatlar da iki ölkə arasında mövcud siyasi əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə daha geniş əməkdaşlığa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları göstərir ki, tərəflər uzun illər ərzində formalaşmış siyasi əlaqələri konkret iqtisadi nəticələrlə zənginləşdirmək, qarşılıqlı faydalı tərəfdaşlığın imkanlarından daha səmərəli istifadə etmək niyyətindədirlər.
Azərbaycanla Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və parlamentlərarası əlaqələrin inkişafı ikitərəfli əməkdaşlığın möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin mətbuata bəyənatda vurğuladığı kimi, siyasi müstəvidə uğurla inkişaf edən əlaqələrin iqtisadi sahədə də eyni dinamika ilə irəliləməsi vacibdir: “Parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır. Yəni ki, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi”.
Bu yanaşma münasibətlərin mövcud səviyyəsinin qorunması ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlmiş strateji baxışı da əks etdirir. Burada əsas məqamlardan biri iqtisadi əlaqələrin genişləndirilməsinin qarşılıqlı maraqlar əsasında nəzərdən keçirilməsidir. Dövlət başçılarının müzakirələrində mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyi xüsusi vurğulanıb. Bu baxımdan, Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos biznes-forumu işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı investisiya imkanlarının müəyyənləşdirilməsi və yeni layihələrin müzakirəsi üçün mühüm platforma ola bilər.
Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşu sahəsində təcrübəsi, maliyyə imkanları və istehsal layihələrinin həyata keçirilməsi potensialı Laosla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Laos tərəfindən konkret investisiya layihələrinin təqdim olunmasına hazır olduqlarını bildirməsi Azərbaycanın əməkdaşlığa praktik yanaşmasını nümayiş etdirir. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə mövcud imkanların araşdırılması iqtisadi münasibətlərin daha geniş məzmun qazanmasına şərait yarada bilər.
Əməkdaşlığın perspektivlərini müəyyənləşdirən digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rol, Şərq-Qərb istiqamətində yükdaşımaların artırılması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları Laos üçün də əhəmiyyətli perspektivlər yaradır. Laosun qonşu ölkələrlə dəmir yolu əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrin gələcəkdə Trans-Xəzər marşrutuna inteqrasiyası ehtimalı iki ölkə arasında iqtisadi əlaqələrlə yanaşı, daha geniş regional nəqliyyat əməkdaşlığının inkişafına da töhfə verə bilər. 
İkitərəfli münasibətlərin diqqətçəkən istiqamətlərindən biri də təhsil və humanitar əlaqələrdir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması xalqlarımız arasında əlaqələrin tarixi köklərə malik olduğunu göstərir. Dövlət başçımızın bu ənənənin bərpası ilə bağlı təklifi gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təqaüd proqramlarının yenidən genişləndirilməsi, tələbə mübadilələrinin artırılması və mədəni əlaqələrin inkişafı uzunmüddətli əməkdaşlığın sosial əsaslarını möhkəmləndirə bilər.
Prezident Thonqlun Sisulitin mətbuata bəyanatında Ümummilli Lider Heydər Əliyevin 1986-cı ildə Laosda keçirilən partiya qurultayında iştirakını xatırlatması da münasibətlərin tarixi dərinliyini nümayiş etdirir. Laos liderinin Prezident İlham Əliyevi ənənəvi əlaqələrin davamçısı kimi səciyyələndirməsi iki ölkə arasında siyasi varisliyə, qarşılıqlı hörmətə və dostluq ənənələrinə verilən yüksək qiymətin ifadəsidir. Thonqlun Sisulitin 44 ildən sonra Azərbaycana yenidən gəlməsi və ölkəmizdəki sürətli inkişafı xüsusi vurğulaması isə respublikamızın keçdiyi inkişaf yolunun beynəlxalq səviyyədə yaratdığı təəssüratı əks etdirir.
Tərəfləri birləşdirən digər mühüm məsələ mina təhlükəsinə qarşı mübarizədir. Həm Azərbaycan, həm də Laos uzunmüddətli münaqişələrin və müharibələrin ağır nəticələri ilə üzləşib. Mina və partlamamış hərbi sursatlar insanların həyatına, sağlamlığına, torpaqların istifadəsinə və sosial-iqtisadi inkişafa ciddi təhlükə yaradır. Bu sahədə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq qarşılıqlı faydalı nəticələr verə bilər.
Ümumilikdə, ölkə liderlərinin görüşləri, mətbuata bəyanatlar göstərir ki, Azərbaycan-Laos münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsi üçün geniş imkanlar mövcuddur. İmzalanan Birgə Bəyanat və əldə olunan razılaşmalar siyasi iradənin konkret əməkdaşlıq istiqamətləri ilə möhkəmləndirildiyini nümayiş etdirir. Qarşıda duran əsas vəzifə müəyyənləşdirilmiş prioritetlərin müvafiq qurumlar və işgüzar dairələr tərəfindən ardıcıl şəkildə həyata keçirilməsidir. Beləliklə, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının təşviqi və təhsil sahəsində əməkdaşlığa verdiyi önəm Laosla münasibətlərin inkişafı üçün yeni perspektivlər açır. Qarşılıqlı maraqlara əsaslanan layihələrin reallaşdırılması isə uzun illər ərzində formalaşmış siyasi dostluğun iqtisadi tərəfdaşlıqla daha da möhkəmlənməsinə, xalqlar arasında əlaqələrin genişlənməsinə və iki ölkənin əməkdaşlıq potensialından səmərəli istifadəsinə zəmin yaradacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 13.10.2026 20:20