NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib

...

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də İtaliyanın Azərbaycandakı səfiri Luka Di Cianfrançesko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bildirilib ki, enerji və iqtisadi sahədə mövcud əməkdaşlıq əlaqələri digər sahələrdə də münasibətləri daha da genişləndirməyə imkan verir.
Söhbət zamanı, parlamentlər arasında əlaqələrin daha da inkişafının vacibliyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr oxşar dəyərlərə malik xalqlarımızın bir-birini daha yaxından tanımasına, bu əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Qarşılıqlı təmasların gücləndirilməsində dostluq qruplarının mühüm rola malik olduğu qeyd edilib. Tərəflər qanunverici orqanların beynəlxalq platformalarda da əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. İki ölkə arasında strateji əlaqələrə uyğun olaraq, parlamentlər arasında əlaqələndirmə və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Milli Məclisin sədri Sahibə Qafarova özünün İtaliyaya rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişləndirilməsinə müsbət töhfə verdiyini bildirib. O, İtaliya parlamentinin üzvlərinin bu il ölkəmizdə keçirilən prezident və parlament seçkilərini müşahidə etdiyini, həmçinin COP29 çərçivəsində keçirilən Parlament görüşündə iştirak etdiklərini xatırladıb.
Söhbət zamanı Milli Məclisin sədri deyib ki, Azərbaycan 30 illik işğala, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, suveren, müstəqil, demokratik, inkişaf edən ölkədir. Buna baxmayaraq, Sahibə Qafarova bəzi Qərb ölkələrinin Azərbaycana qarşı yalan, böhtan kampaniyası apardığını, xüsusilə COP29 ərəfəsində bu cür kampaniyaların daha da genişləndiyini bildirib. O cümlədən bəzi milli parlamentlərdə və beynəlxalq parlament təşkilatlarında ölkəmizlə bağlı qərəzli qərarların qəbul edilməsinin yolverilməz olduğu, bu addımın həmin təşkilatların özlərinin nüfuzuna xələl gətirdiyi vurğulanıb. Sahibə Qafarovanın sözlərinə görə, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə ikili standartlar qəbulolunmazdır.
O, həmçinin regionda mövcud olan vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə də diplomata məlumat verib, bir sıra Qərb ölkələrinin regionda sabitliyi pozmaq cəhdlərini tənqid edib.
İtaliyanın ölkəmizdəki səfiri Luka Di Cianfrançesko COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, İtaliya Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin bu mühüm qlobal tədbirdə iştirak etdiyini söyləyib.
Diplomat ölkəsi ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, səfirlik olaraq, bu əlaqələrin daha da inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 23.12.2024 19:07