ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezlik...
16:59 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Azərbaycanın müəllifi olduğu və XXI əsrin meqa layihələrindən sayılan Cənub Qaz Dəhlizi (Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) bu gün Avropa ölkələrinin marağındadır və son dövrlərdə interkonnektorlar vasitəsilə nəhəng proyektdən faydalanmaq təşəbbüsləri xeyli artıb. Bu baxımdan təsadüfi deyildir ki, Aİ liderləri tərəfindən Azərbaycan “etibarlı tərəfdaş qaz təchizatçısı” kimi tanınır. Respublikamızı özünə etibarlı, vacib enerji tərəfdaşı hesab edən Avropa ölkələrindən biri də Şimali Makedoniyadır. Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə sayca ikinci səfəri, səfər çərçivəsində keçirilən görüşlər, liderlərin mətbuata bəyanatları da bu fikirləri bir daha təsdiqlədi.
Azərbaycanla Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyun ayının 28-də qurulub və ilk növbədə, xanım Prezidentin bu səfəri əlaqələrin 30 illiyinə təsadüf etməsi baxımından əlamətdardır. Digər tərəfdən, respublikamız hər zaman inkişaf etməkdə olan kiçik dövlətlərə öz dəstəyini ən bariz şəkildə ifadə edib və bunu təkcə sözdə deyil, əməldə də göstərib. Ötən ilin noyabrında Bakıda keçirilən COP29-da Şimali Makedoniya lideri də iştirak edirdi və həmin mötəbər konfransda da ölkəmizin bu xeyirxah, humanist missiyası bir daha özünü bariz şəkildə göstərdi. Azərbaycan liderinin Qərb siyasi dairələrinin, xüsusilə də Fransanın müstəmləkəçi siyasətini sərt tənqid etməsi, konfransın sonunda əldə olunan tarixi razılaşmalara dair ortaya qoyduğu qətiyyət, iradə haqqı tapdanılan kiçik dövlətlərin Azərbaycana olan inam və etibarını daha da artırdı. Və bu baxımdan son vaxlarda Afrika dövlət başçılarının ölkəmizə səfərləri, əməkdaşlıq əlaqələrini gücləndirmək üçün təşəbbüslər göstərməsi heç də təsadüfü deyildir.
Məhz martın 11-də mətbuata bəyanatında Prezident İlham Əliyev də diqqəti ilk olaraq COP29-a çəkdi və bundan sonra Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli münasibətlər zəminində fəallığın artırılacağını vurğuladı: “Bu Sizin Azərbaycana ikinci səfərinizdir. Mən çox şadam ki, Siz COP29 konfransında da fəal iştirak etmisiniz və konfransın uğurla keçirilməsinə öz töhfənizi vermisiniz. Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmi səfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar”.
Azərbaycanla Avropa ölkələrini, o cümlədən də Şimali Makedoniyanı yaxınlaşdıran, ikitərəfli münasibətləri gücləndirən ən mühüm nüans əvvəldə də qeyd etdiyimiz kimi, respublikamızın təşəbbüsü ilə reallaşan iri enerji layihələridir. Bəli, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Təqdirəlayiq hal ondadır ki, Avropa ölkələri hər zaman birgə əməkdaşlıqda olduqca maraqlı tərəf kimi çıxış edir, müxtəlif siyasi platformalarda, Davos forumunda və bir sıra siyasi, iqtisadi görüşlərdə enerji hasilatını artırmaq üçün təşəbbüslər irəli sürürlər. 2022-ci ilin iyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da bu sahədə irəliləyişin əldə edilməsində hüquqi baza rolunu oynayıb. Azərbaycan tərəfindən təşəbbüslərin dəstəklənməsi nəticəsində yeni interkonnektorların da qoşulması ilə ötən iki-üç ildə qaz ixracatında əhəmiyyətli artım göstəricisinə nail olunub.
Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu rəqəm 2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib. Ümumilikdə, 2024-cü ildə ölkəmiz xarici bazarlara 25 milyard kubmetr qaz ötürüb. Ötən ilin sonlarından artıq Şimali Makedoniya da respublikamızın mühüm enerji layihəsindən faydalanmağa başlayıb. Belə ki, 2024-cü ilin noyabrın 14-də bu ölkənin paytaxtı Skopye şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Bununla da Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub. Əldə olunan razılaşmaya əsasən bir ay sonra, daha dəqiq desək, ötən il dekabrın 1-də Slovakiya da bu sıraya qoşulub. Və beləliklə, Azərbaycan hazırda dünya üzrə 12 ölkənin qaz təchizatını təmin edir.
Prezident İlham Əliyev martın 11-də mətbuata bəyanatında Avropaya qaz ixracı məsələsinə xüsusi toxundu və gələcəkdə Şimali Makedoniyaya mavi yanacaq təchizatının artırıla biləcəyini də diqqətə çatdırdı. Sitat: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq”. Xanım Qordana Silyanovska-Davkova isə, öz növbəsində, Azərbaycanın nəinki beynəlxalq geosiyasi səhnədə seçildiyini, o cümlədən Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpa olunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrildiyini vurğuladı.
Ümumilikdə, martın 11-də Azərbaycan və Şimali Makedoniya liderlərinin mətbuata verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə həm iqtisadi, həm də mədəni sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Şübhəsiz ki, səfər çərçivəsində xanım Prezidentin “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcək XII Qlobal Bakı Forumunda iştirakı da dialoqların artırılmasına, əlaqələrimizin güclənməsinə təkan verəcək. Dövlət başçımız da Şimali Makedoniya liderinin günümüzün mühüm aktual məsələsinə həsr olunan forumda iştirakını yüksək qiymətləndirdi, humanitar sahədə birgə əməkdaşlığın vacibliyini vurğuladı: “Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq”.
Nail ƏSGƏROV
Digər xəbərlər