NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Azərbaycan dünya düzəninə ciddi töhfə verən güclü, suveren dövlətdir

...

İqtisadi gücün və siyasi nüfuzun qlobal siyasi arenada aparıcı rol oynadığı müasir dövrdə ölkələrin liderlərinin üzərinə dünyada bərqərar olmuş düzəni qoruyub saxlamaq, bütün xalqların sülh içində yaşaması üçün gərgin iş aparmaq məsuliyyəti düşür. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin gələcək regional və qlobal siyasi oriyentasiyasının dünya düzəninə töhfə verməsi, buna nail olmaq üçün isə güclü iqtisadiyyata və suverenlik hüququna əsaslanan xarici siyasətin aparılmasını vurğuladı. Yeni ilin ilk iş həftəsində dövlət başçımızın hamının maraqla gözlədiyi açıqlamaları bu baxımdan nüanslarla zəngin olub, ilk dəfə səslənən fikirlərlə də yadda qaldı. 
Azərbaycanın son illərdə siyasi, hərbi və geostrateji zəmində qazandığı uğurların əsasında məhz ölkəmizin güclü iqtisadi poten­sialı və bu potensiala qovuşmaq üçün dövlət başçımızın müəllifliyi ilə reallaşan irimiqyaslı layihələr dayanır. Ölkəmizin enerji tərəfdaşları, digər xarici iqtisadi partnyorları ilə yaratdığı etibarlı əməkdaşlıqla və qeyri-neft sektoru sahəsində qazandığı uğurları sayəsində ötən il Azərbaycanda ümumi daxili məhsulda 4, qeyri-neft sektorunda 6, qeyri-neft sənaye sektorunda 7 faizdən çox artım əldə olunması, valyuta ehtiyatlarının, təqribən, 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatması, xarici borcun həcminin ümumi daxili məhsulun həcminin cəmi 7,2 faizini təşkil etməsi, yaxud valyuta ehtiyatları həcminin xarici borcun həcmini 14 dəfə üstələməsi ötən dövrdə həyata keçirilmiş tədbirlərin bəhrəsi kimi dəyərləndirilməlidir. Bütün bunlar 10 milyon əhalisi olan bir ölkə üçün olduqca ciddi nailiyyətlərdir və Azərbaycanın cəmi 5,2 milyard dollar olan xarici borcunu gələcəkdə daha da azaltmaq hədəfi iqtisadi gücümüzün və siyasi müstəqilliyimizin nümayişidir. Belə ki, bu güc cari ildə ölkəmizin dövlət büdcəsinin xərclərinin də artmasına təsir edərək Azərbaycan tarixində ən böyük həcmə – 41 milyard manata çatmağına imkan yaradıb. Şübhəsiz, bu xərclər içərisində Azərbaycan Respublikası vətəndaşlarının daha təhlükəsiz və yaxşı yaşaması üçün ayrılan müdafiə xərclərinin, əməkhaqqı və pensiya məbləğlərinin, sosial müavinətlərin artımı cəlbedicidir və bunlar, ümumilikdə, ölkəmizin iqtisadi müstəqilliyini təmin edir. Dövlət başçımızın müsahibədə vurğuladığı kimi: “Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır”. 
Ötən il Azərbaycan COP29-un ev sahibi kimi qlobal iqlim böhranına qarşı planetar mübarizənin lideri olması ilə də bütün dünyanın diqqət mərkəzində oldu. Dövlət başçımız müsahibəsində ölkəmizdə ingilis dilində fəaliyyət göstərən beynəlxalq kanal əməkdaşının bu mühüm tədbirin əhəmiyyəti və bəzi dövlətlərin göstərdiyi münasibətlə bağlı sualına verdiyi cavab da olduqca maraqlı idi. Belə ki, ölkə Prezidentinin açıqladığı kimi qlobal iqlim sammitinə çox qısa müddətdə hazırlaşıb, onu ən yüksək səviyyədə təşkil edə bilən Azərbaycanın BMT səviyyəsindəki bu tədbirə “Bakı    nailiyyəti” ilə imza atması, təqribən, 10 il ərzində tərəflərin razılığa gələ bilmədiyi karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edilməsi, maliyyələşmə məsələsində qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıraraq məhz Bakıda 300 milyard dollara çatdırılması və ümumilikdə, Azərbaycanın irəli sürdüyü 14 təşəbbüs ölkəmiz tərəfindən gələcək üçün layiqli bir miras oldu. Ancaq səksəni dövlət və hökumət başçısı olmaqla, ümumilikdə, 197 ölkədən Azərbaycana gəlmiş 76 min iştirakçının qatıldığı COP29 tədbirinə sırf siyasi motivlər səbəbindən qatılmayan və öz aləmində guya bunu boykot etmək istəyən Fransanın və Avropa Komissiyasının Prezidentinin iştirak etməməsi bu mühüm qlobal sammitin işinə qətiyyən kölgə salmamış, əksinə, bu hərəkət onların öz imicinə güclü zərbə vurmuşdur. Hər halda, həmkarlarına bir-bir zəng edərək onları Bakıya getməmələri üçün dilə tutan Fransa prezidentinin araqarışdırıcı simasından başqa bir müsbət şey də gözləmək çətindir. 
Əslində isə Qarabağın 30 illik işğalı dövründə “Minsk qrupu”nun həmsədrlərindən biri olmuş Fransadan başqa hərəkət gözləmək də sadəlövhlük olardı. Dövlət başçımızın da müsahibədə qeyd etdiyi kimi, baxmayaraq ki, Azərbaycan  Fransa ilə münasibətdə qapıları həmişə açıq saxlamış, iqtisadi və mədəni əlaqələrə diqqət yetirilmiş, hətta Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlər mövcud olmuşdur, ancaq sırf erməni lobbisinin seçki dəstəyi üçün oturduğu qayığın yönünü dəyişən Fransa prezidentlərinin bu ölkənin tarixinə qara ləkə kimi düşmüş müstəmləkə ərazilərinin istismarı yerinə bu torpaqlarda yaşayan insanların normal həyatını təmin etməsini bir yana buraxıb tam suverenliyini bərpa etmiş Azərbaycana qarşı əsassız iddialar qaldırması bu ölkənin düşdüyü mənəvi bataqlıqdan qurtulması üçün, sadəcə, bir bəhanədir. Başqa sözlə, Fransa özündən bir neçə min kilometrlərlə uzaqda olan və onunla heç bir ortaq problemi olmayan Azərbaycanla münasibətləri özü üçün daxili siyasət mövzusu etməklə Sena çayının üfunətli qoxusunu ört-basdır etməyə çalışır. Ancaq bütün bunlar, eləcə də Fransa kimi mənəvi deqradasiya keçirən digər Qərb dövlətlərinin də Cənubi Qafqazda çaxnaşma yaratmaq cəhdləri məhz Azərbaycanın, onun liderinin sərt mövqeyinə tuş gəlməklə iflasa uğramışdır. Bu, dövlət başçımızın Azərbaycanın maraqları naminə dünya düzəninə töhfə verən,     ölkəmizlə münasibətlərində qardaşlıq və səmimiyyət göstərənləri eyni dərəcədə qiymətləndirən, nankorları isə ifşa edən qətiyyətli siyasətinin nəticəsində mümkün olmuşdur. 
Azərbaycan çoxmillətli tolerantlığı ilə seçilən müsəlman    ölkəsidir. Dünyadakı 60-a yaxın müsəlman ölkəsi ilə sıx mənəvi əlaqələri olan Azərbaycan həmişə beynəlxalq platformalarda İslam və müsəlman dövlətlərinin lehinə səs vermiş və bu gün də bu siyasətini davam etdirməkdədir. Elə ötən il bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən D-8 təşkilatına Azərbaycanın yeni üzv kimi seçilməsi 5 trilyon dollardan çox ümumi daxili məhsulu olan bu böyük təşkilatın Qafqaz həm də Xəzər regionuna genişlənməsi və yeni dünya nizamı formalaşdırılmasına müsbət töhfəsi deməkdir. Ərazilərinin 20 faizi otuz il ərzində işğal altında qalaraq buradakı müsəlman dini məkanları da erməni vandalları tərəfindən dağıdılmış Azərbaycanın İslam dünyası ilə sıx əlaqələri, eləcə də ötən həftə Suriyaya humanitar yardımlar göstərməsi, qardaş Türkiyə ilə əl-ələ verib bütün məsələlərdə dünya müsəlmanlarının yanında olması dövlət başçımızın dili ilə növbəti dəfə bu mövzuya maraq göstərənlərin diqqətinə çatdırıldı. Bu faktları, xüsusən Qarabağ düşmən tapdağından azad olunduqdan sonra da buranı Azərbaycan torpağı kimi tanımayanların gülünc hərəkətlərini  yada salan Prezident cənab İlham Əliyev bununla da Cənubi Qafqazda güc və nüfuz sahibinin də kim olduğunu bir daha aid tərəfə ərz etmiş oldu. 
2025-ci il, bütövlükdə, qarşıdakı dövr dünyada bir sıra kardinal dəyişiklikləri vəd edir. Dünya düzəninin sürətlə yeni formata keçdiyi bu dövrdə hər bir geosiyasi oyunçunun masadakı mövqeyi onun liderinin və müttəfiqlərinin gücündən çox asılıdır. Bu mənada, siyasi səhnədə iri güclərə qarşı dayanan ölkələrin mövqeyinin onların liderlərinin nüfuzu ilə birbaşa bağlı olduğunu diqqətə çatdıran dövlət başçımızın fikrincə, yeni dünya düzənində söz sahibi olmaq üçün Azərbaycanın əlində güclü imkanlar vardır. Bu, qlobal Şimalla qlobal Cənub arasındakı ənənəvi qarşıdurmada Azərbaycanın uzlaşdırıcı mövqeyi, Orta Dəhliz və gec-tez bir gün mütləq açılacaq və Naxçıvana birbaşa çıxışı təmin edəcək olan Zəngəzur dəhlizi üzərindəki aparıcı açar mövqeyi və şübhəsiz ki, Ermənistanla imzalanacaq sülh müqaviləsində  ölkəmizin diqtə edən tərəf olması ilə bağlıdır. Məhz bu baxımdan hər nə qədər mülki missiya adı altında olsa da, Ermənistanla sərhəddən binoklla ölkəmizi güdən “rəngarəng” Avropanın, əslində, nə iş gördüyünü, ölkəmizə qarşı müxtəlif vasitələrlə pozuculuq və qarışdırıcı əməllərlə məşğul olmaq üçün min oyundan çıxdıqlarını tamamilə konkret faktlarla ifşa edən dövlət başçımız bu cür təhdidlərə qarşı Azərbaycanın həmişə ayıq-sayıq olduğunu da bəyan etdi. Prezident bu müsahibəsində də Avropanı tutduğu mövqeyə yenidən baxmağa dəvət edərək onlara qarşı heç vaxt ədalətsiz davranmamış Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirməyi tövsiyə edib, qalın divarlar və ya qaranlıq tunellər əvəzinə etibarlı körpülər tikməyin faydasını bir daha diqqətə çatdırdı. Hər halda hazırkı mürəkkəb vəziyyətdə Avropanın Azərbaycana ehtiyacı daha çoxdur. 
Müstəqillik qazandıqdan sonra faşizmyönlü insanların rəhbərlik etmiş olduğu Ermənistana növbəti xəbərdarlıqlarını da bu müsahibəsində çatdıran Prezident cənab İlham Əliyev ötən il Qazaxın 4 kəndinin dinc yolla geri alınmasını regional sülh naminə mühüm nailiyyət adlandıraraq iki ölkə arasında əldə olunmuş bu razılaşmanın dialoq deyil, monoloq yolu ilə əldə olunduğunu bəyan etməklə, güman ki, yaxın gələcəkdə tez-tez eşidəcəyimiz yeni bir populyar ifadəni də siyasət leksikonuna daxil etdi. Dövlət başçımızın çox da uzaqda olmayan keçmişdən yaxşı xatırladığımız məşhur “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq” yerindədir!”, “Gorbagor olmuş status!” ifadələri kimi Ermənistanın da dialoq yolu ilə deyil, monoloq yolu ilə yola gəldiyini bəyan etməsini bir çoxları hələ uzun müddət xatırlayacaq. Bu mənada, son dörd ilin dərslərini unutmayan revanşist Ermənistan, əslində, monoloq yolu ilə ona düz yol göstərən Azərbaycan Prezidentinə minnətdar da olmalıdır. Dövlət başçımızın vurğuladığı kimi, əgər hazırkı Ermənistan rəhbərliyi silahlanma yerinə öz gündəliyinə qərbi azərbaycanlıların pozulmuş insan hüquqlarının bərpasını da daxil edərsə, bu onlar üçün ən düzgün yol olacaqdır. 
Azərbaycanın isə istər cari, istərsə də qarşıdan gələn illərdə görəcəyi çox işlər vardır. Qəhrəman ordumuzun döyüş qabiliyyətinin daha da möhkəmləndirilməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı illərdə əsas vəzifələr kimi qalacaqdır. Xalqımızın güclü dəstəyinə arxalanan dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə yerinə yetiriləcək bu vəzifələr artıq dünya düzəninə ciddi töhfə verən güclü ölkəmizin suveren hüququdur. 

 Əli CABBAROV

Nəşr edilib : 11.01.2025 13:05