NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

...

Sentyabrın 18-də BMT-nin İnsan Hüqları Şurasının (İHŞ) 63-cü sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib. Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyi, “Universal İnsan Hüquqları” təşkilatı və Əlcəzair tərəfindən birgə təşkil olunan “Sağ qalmaqdan ötəsi - ləyaqətin bərpası və hüquqların geri qaytarılması” mövzusunda tədbirdə Əlcəzair, Mozambik və Uqandanın daimi nümayəndələri, BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS), Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) və digər beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.
Nümayəndəlikdən bildiriblər ki, Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli tədbirdə çıxış edib. O, Azərbaycanın mina təhlükəsinin ağır nəticələri ilə üzləşən ölkələrdən biri olduğunu bildirib, minaların insanların həyatına, sağlamlığına və fundamental hüquqlarının həyata keçirilməsinə uzunmüddətli təsirlərindən danışıb.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın mina qurbanlarının fundamental hüquqlarının bərpası məqsədilə hələ 2024-cü ildə xüsusi təşəbbüslə çıxış etdiyinə diqqət çəkib və bunun nəticəsində 2025-ci ildə İHŞ-də “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam həyata keçirilməsinə təsiri” adlı qətnamənin qəbul edildiyini bildirib.
Diplomat qeyd edib ki, artıq mina qurbanlarının hüquqlarının tanınmasından onların praktik təminatına keçilməsi istiqamətində yeni qətnamənin qəbuluna ehtiyac var. Azərbaycanın üzləşdiyi mina probleminin miqyasına diqqət çəkən natiq mina qurbanlarının ehtiyaclarının qarşılanması istiqamətində praktik mexanizmlər təklif edib. “Mina partlayışından sağ çıxmaq yalnız ilk addımdır. Əsl ədalət sağ qalanların sadəcə mövcud olmaqla kifayətlənməyib firavan yaşamaq üçün lazımi imkanlara malik olmalarını təmin etmək deməkdir”, - deyə E.İskəndərov qeyd edib.
Daha sonra tədbirdə çıxış edənlər Azərbaycanın BMT-nin Minalardan Təmizləmə Fəaliyyətinə Yardım üzrə Könüllü Etimad Fonduna töhfələrin, eləcə də qurbanların tibbi və psixoloji reabilitasiyasına və sosial-iqtisadi reinteqrasiyasına dəstəyin artırılması ilə bağlı təkliflərini dəstəkləyiblər. Çıxışlarda mina çirklənməsi, iqlim dəyişikliyi və insan hüquqları arasındakı qarşılıqlı əlaqəyə də diqqət yetirilib.
Müzakirə iştirakçıları İHŞ-də bu mövzuda hazırlanan yeni qətnamədə qeyd edilən təkliflərin əks olunmasına çağırıblar.

Nəşr edilib : 18.09.2026 20:08