NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Azərbaycan-Almaniya münasibətlərində yeni dövr

...

Almaniya Avropanın aparıcı iqtisadi güclərindən biri olaraq Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir. Eyni zamanda Almaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq böyük potensiala malikdir və son illərdə bu sahədə irəliləyiş müşahidə olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı ticarət dövriyyəsinin üç dəfə artması, bu əməkdaşlığın effektivliyini sübut edir.

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, 2024-cü ilin yanvar-fevral aylarında iki ölkə arasındakı ticarət dövriyyəsi, təxminən, üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin yüksəlməsi olmuşdur. Bu tendensiya onu göstərir ki, Azərbaycan və Almaniya arasındakı ticarət əlaqələri yalnız enerji sektoru ilə məhdudlaşmır. Hər iki ölkə, xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya şirkətlərinin bu sahədə böyük təcrübəsi var və Azərbaycan da 2030-cu ilə qədər bərpa olunan enerji istehsal gücünü 6 giqavata çatdırmağı planlaşdırır. Bu, yalnız Azərbaycanın daxili tələbatını ödəmək üçün deyil, həm də Avropaya “yaşıl enerji” ixracını həyata keçirmək üçün nəzərdə tutulmuş strateji bir hədəfdir.

Bərpa olunan enerji sahəsində əməkdaşlıq, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, öz coğrafi mövqeyindən istifadə edərək Avropa ölkələrinə “yaşıl enerji” ixracını artırmaq üçün müxtəlif layihələr üzərində işləyir. Bu istiqamətdə Almaniya ilə əməkdaşlıq böyük perspektivlər vəd edir.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı, ölkənin iqlim dəyişiklikləri ilə mübarizədə qlobal səylərə verdiyi töhfəni nümayiş etdirir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında vurğulayıb ki, bu konfransda 197 ölkədən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir.

COP29 çərçivəsində Azərbaycan və Almaniya arasında iqlim siyasəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi gündəmdədir. Almaniya, “yaşıl enerji” texnologiyalarının inkişafında lider ölkələrdən biridir və bu sahədə Azərbaycanın hədəfləri ilə üst-üstə düşən strateji planları mövcuddur. Təəssüf doğuran məqam isə Ermənistanın bu beynəlxalq konfransı boykot etməsi olmuşdur. Prezident İlham Əliyev bunu başadüşülməz addım kimi qiymətləndirərək vurğulamışdır ki, Azərbaycan-Ermənistan normallaşma prosesinin aktiv şəkildə davam etdiyi bir dövrdə Ermənistanın belə bir qlobal tədbirdən kənarda qalması təəssüfedicidir.

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bu müddət ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, ölkəmizin ərazilərinin, təxminən, 20 faizi işğal olunmuşdur. Beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı ciddi addımlar atmaması səbəbindən Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa edərək Qarabağı işğaldan azad etmişdir. Bu tarixi qələbə regionda sülh və sabitlik üçün yeni bir səhifə açmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları aktiv fazadadır və tərəflərin mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Frank-Valter Ştaynmayer arasında regionda təhlükəsizlik və siyasi vəziyyət də müzakirə olunmuşdur. Bununla yanaşı, Qərb və Rusiya arasında gərginlik, eləcə də Amerika-Avropa İttifaqı münasibətləri də ətraflı müzakirə edilib.

Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər getdikcə daha da güclənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya Prezidentinin bu səfəri, iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracaq.

Gələcəkdə Azərbaycan və Almaniya, enerji sahəsində, iqtisadi əməkdaşlıqda, “yaşıl texnologiyalar” sahəsində və beynəlxalq diplomatik münasibətlərdə daha da sıx əməkdaşlıq edəcək. Almaniya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biri olmaqla qarşıdakı illərdə yeni layihələr və investisiya imkanları ilə bu əməkdaşlığı daha da dərinləşdirəcək.

Bu səfər yalnız Azərbaycan və Almaniya arasında deyil, həm də regional və beynəlxalq səviyyədə əməkdaşlıq üçün yeni perspektivlər açacaq.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 04.04.2025 14:00