NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı

Azərbaycan-Almaniya əlaqələri ölkəmizin iqtisadi gücündən və siyasi nüfuzundan xəbər verir

...

Bu günlərdə dünya gündəmində öz yerini tutan hadisələr fonunda Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri bir çox məqamları ilə diqqəti cəlb etdi. Təxminən, 5 trilyon dollar ümumi daxil məhsulunun həcmi ilə Avropanın 1-ci, dünyanın isə 3-cü ölkəsi olan və iqtisadiyyatının artım dinamikası ilə ən sabit ölkələrdən sayılan Almaniya ilə Azərbaycan arasında yaranmış etibarlı tərəfdaşlıq və siyasi dialoq hər şeydən əvvəl ölkəmizin iqtisadi gücündən və siyasi nüfuzundan xəbər verir.

Ölkəmizdə olarkən ali qonaqla görüşündə ölkəmizin beynəlxlaq aləmdəki uğurlarından bəhs edən Prezident cənab İlham Əliyev Almaniya ilə qurulmuş hərtərəfli əməkdaşlığa diqqət çəkərək təkcə bu ilin yanvar-fevral aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin, təxminən, üç dəfə artdığını bildirdi. Yaranmış mövcud mürəkkəb geosiyasi vəziyyətdə Almaniyanın xam neft tələbatının ödənilməsinə mühüm töhfə verən Azərbaycanın, eyni zamanda bu ölkədən yaşıl texnologiya və innovativ məhsullar idxalında, ticarət dövriyyəsinin, şaxələndirilməsin maraqlı olduğu vurğulandı. Bu, 2030-cu ilə qədər bərpa olunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq hədəfini qarşıya qoymuş Azərbaycan üçün olduqca əhəmiyyətlidir.  Bu, ötən il ölkəmizin uğurla ev sahibliyi etdiyi və 197 ölkədən 77 min iştirakçının qatıldığı COP29 beynəlxalq iqlim konfransında səslənərək ölkəmiz üçün böyük məsuliyyət və prestijli hədəf sayılır. Dövlət başçımız, həmçinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılmış Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilərək beynəlxalq ədalətin bərpa olunduğunu Almaniya prezidentinə bir daha çatdırması və Avropanın ən güclü ölkəsinin başçısı kimi cənab Frank-Valter Ştaynmayerin də Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirməsi də dünyaya növbəti ciddi bir siyasi mesajlar oldu.

Almaniyanın Cənubi Qafqaza olan maraqları bəllidir və bu ölkənin prezidenti də Bakıda dövlət başçımız cənab İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanatda Azərbaycana prezident kimi ilk rəsmi səfərindən məmnunluğunu ifadə edərək və buradan etdiyi paylaşımları ilə də diqqətləri çəkdi. Azərbaycanda alman dilinə, mədəniyyətinə olan marağı, həmçinin ölkəsində təhsil almaq istəyən xeyli sayda azərbaycanlı gənclərin olduğunu qeyd edən ali qonaq ölkələrimiz arasındakı mövcud yaxınlığın liderlər səviyyəsində də aparılan siyasi dialoqda açıqca hiss olunduğunu, dövlət başçımızla aparılan söhbətlərdə qarşılıqlı anlaşmanın mövcudluğunu ifadə etdi. Dövlət başçımızla bundan əvvəlki görüşlərini də yada salan Almaniya prezidenti ölkəmizdə olmağından zövq aldığını bildirərək, qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətinə diqqət çəkdi.

Azərbaycanın bütün bu uğurlarına sevindiyini bildirən Almaniya prezidenti Qarabağın işğaldan azad olunmasından sonra Ermənistanla aparılan normallaşma proseslərini dəstəkləyərək Cənubi Qafqazda yaradılacaq dayanıqlı sülhə maraqlı olduqlarını bir daha ifadə edərək bu işdə Azərbaycanın da tamamilə legitim tələblərini də bir daha dövlət başçımızın dilindən rəsmi bəyanat şəklində dinləmək fürsət qazandı. Şübhəsiz, bu və digər məqamlar həm Almaniya, həm də dünya mətbatında geniş şərh oldunduqca Azərbaycanın davamlı sülh üçün irəli sürdüyü haqlı tələblərin də mahiyyəti hər kəs üçün daha açıq görünəcək. Qonaq dövlət başçısı Frank-Valter Ştaynmayerin ölkəsinin də sahib olduğu tarixi təcrübəyə əsaslanaraq, xüsusən uzunmüddətli münaqişələrdən sonra bağlanan sülh müqaviləsinin xalqların gələcək dinc həyatı üçün nə dərəcədə vacib olduğunu qeyd etməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə bu prosesin təşəbbüskarının və əsas prinsiplərinin müəllifinin məhz Azərbaycan olduğunu bildirməsi bu səfərdən beynəlxalq arenaya verilən ciddi siyasi mesajlar kimi yadda qaldı.

Teymur RZAYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 04.04.2025 12:46