NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Azərbaycan-ABŞ əlaqələrində yeni dönəm – Tramp administrasiyasından gözləntilər

...

Məlum olduğu kimi, bəşəri fəlakətlərə, yeni müharibə ocaqlarının yaranmasına vəsilə olan, dünyaya demokratiya dərsi keçməyə çalışan dırnaqarası Bayden demokratları ötən ay gözdən düşmüş şəkildə, suyu süzülə-süzülə siyasət meydanını tərk etdi və Donald Trampın prezidentliyi ilə respublikaçılar hakimiyyətə gəldi. Bu gəliş yeni dünya düzəninə, geosiyasi mənzərəyə təsir göstərəcək bir sıra dəyişiklikləri də özü ilə bərabər gətirdi. Tramp Ağ evdə masa arxasında oturan kimi qlobal qərarları ilə siyasi, iqtisadi cəhətdən gündəmi, sözün həqiqi mənasında, silkələdi. Yeni administrasiyanın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması, Ümumdünya Səhiyyə Təşkilatı və Paris İqlim Sazişindən çıxması barədə qərarları, Baydenin prezidentliyi dövründə qəbul edilmiş 78 qərarın ləğvi, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi prosesinə başlamaq əmri, qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ABŞ-nin cənub sərhəddində fövqəladə vəziyyətin tətbiqi və atılan digər addımlar bir sıra ölkə rəhbərləri, siyasi liderlər, xalqlar, toplumlar üçün şok effekti təsiri bağışladı. Ancaq Cənubi Qafqaz regionu, xüsusilə də bu regionun lideri Azərbaycan üçün “insan hüquqları”, “gender bərabərliyi” donunda bəşəriyyətin gələcəyini təhlükə altına salan yad ünsürləri təbliğ edən, dəstəkləyən “demokratlar”dan fərqli olaraq milli-mənəvi dəyərləri prioritet məqsədlərdən sayan respublikaçıların hakimiyyəti dövründə müsbət dəyişikliklər olacağına böyük ümidlər vardır.

Bəli, ABŞ-nin yeni hakimiyyəti ilə Azərbaycan dövlətini yaxınlaşdıran, maraqları kəsişdirən ilk amil məhz düzgün ideologiyanın, əxlaq normalarının, mənəvi keyfiyyətlərin aşılanması, ümumbəşəri dəyərlərə önəm verilməsidir. Bu xüsusda xatırlatmaq yerinə düşər ki, hələ illər öncə dünyada yad ideologiyalar təbliğ olunan zaman, Avropaya inteqrasiya şüarı ilə gənclərimizi öz milliliyindən uzaqlaşdırmağa cəhd göstərənlərə qarşı ölkə başçımız qətiyyətli mövqe göstərib, yeni nəslin sağlam əqidədə, ruhda böyüməsi üçün çağırışlar etmişdi. Prezident 2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə ənənəvi dəyərləri, milli düşüncəni dövlət siyasətinin əsas məqsədləri sırasında olduğunu qəti şəkildə vurğulayaraq bu dəyərlərə sadiqliyin vacibliyini gəncliyin diqqətinə çatdırmışdı. Sitat: “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin”. Əgər xatırlayırsızsa dövlətimizin başçısı bu fikirləri səsləndirəndə Amerikanın özündə də təbliğat maşını ümumbəşəri fəlakətlərə sürüklənən istiqamətdə hərəkət edirdi. Lakin zaman Azərbaycan liderinin digər məsələlərdə olduğu kimi, Qərbin rəğbət bəslədiyi, dırnaqarası insan hüquqları adı altında digər xalqlara da sırımağa çalışdığı yanlış ideologiyaya qarşı “Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik” fikrində yanılmadığını sübut etdi. Və Donald Trampın məsələnin ciddiliyini, qarşısıalınmaz həddə çatacağını dərk edərək elə inaqurasiya mərasimindəcə düzgün gender siyasəti həyata keçirəcəyini açıqlaması, buna müvafiqfərman imzalaması isə Azərbaycan və ABŞ-ni dəyərlər baxımından xeyli yaxınlaşdığını göstərir.

Azərbaycan-ABŞ münasibətlərinin yeni dönəmdə necə olacağı ilə bağlı daha da əmin fikirlər irəli sürmək üçün öncə Tramp administrasiyasının hakimiyyətdə olduğu birinci dövr – 2017-2021-ci illərdə Cənubi Qafqaza dair cərəyan edən hadisələri, regional və beynəlxalq miqyaslı məsələləri analiz etmək lazımdır. Təqvimi geri çevirəndə ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində müsbət dinamikanın hökm sürdüyünü göstərən bir sıra faktlara rast gəlirik: İlk olaraq əvvəllər dəfələrlə gündəmə gətirilən və ölkələrarası münasibətlərə ciddi xətər yetirən, Azərbaycana dövlət yardımı qadağasını nəzərdə tutan 907-ci düzəlişi Donald Trampın birinci dönəmində hər il dondurulmasını vurğulaya bilərik. Sözsüz ki, diqqətə çəkiləsi ən əsas amil məhz respublikaçıların hakimiyyəti dövründə ölkəmizin 30 il işğalda qalan torpaqlarını azad etməyə nail olmasıdır. Nəzərə alaq ki, 2020-ci il sentyabr-noyabr aylarında, yəni II Qarabağ müharibəsi dönəmində Amerikada qızğın seçki kampaniyası gedirdi və Tramp erməni seçicilərin dəstəyini qazanmaqdan ötrü müharibənin gedişatına təsir göstərə bilərdi. Ancaq həmin vaxt anti-Azərbaycan siyasəti aparan, haqlı mövqeyimizə fərqli don geyindirməyə çalışan Qərb dairələrindən fərqli olaraq ABŞ tərəfindən Azərbaycanın beynəlxalq hüquqa xidmət edən missiyasını uğurla tamamlağa maneə yaradacaq hər hansı ciddi addım atılmadı. Və məhz bu, Azərbaycan-Amerika əlaqələrinin yeni dönəmdə də müsbət tendensiya ilə davam edəcəyinə əsas verən mühüm amildir. Prezident D.Trampın hakimiyyətinin birinci dönəmində dövlət başçımız cənab İlham Əliyevə ünvanladığı məktublarda əks olunmuş fikirlər də ölkələr arasında ikitərəfli münasibətlərdə “Super güc”ün maraqlı olduğunu göstərir.  2018-ci il aprelin 27-də ünvanlanan məktubda deyilir: “Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraqdoğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm. Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik...”

Bəli, ABŞ lideri birinci dönəmdə Azərbaycanın təşəbbüsü ilə icra olunan mühüm enerji layihələrini dəstəkləyib, regional və beynəlxalq enerji təhlükəsizliyinin təmininə xidmət edən addımları yüksək qiymətləndirib. Bu baxımdan XXI əsrin ən böyük layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”ni xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində Azərbaycandan İtaliyayadək uzanan, 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi 7 ölkənin iştirakı ilə qurulub. Ümumilikdə, bu gün ölkəmiz 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan 8-i Avropa İttifaqına üzvdür. Donald Tramp 2018-ci ildə layihənin rəsmi açılışı ilə əlaqədar öz dəstəyini həmin ili enerji sahəsində uzun müddətdir, davam edən Amerika-Azərbaycan əməkdaşlığında inanılmaz bir nailiyyət kimi dəyərləndirməklə ifadə edib, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın “Cənub Qaz Dəhlizi” vasitəsilə nəqli sayəsində münasibətlərin zirvəyə yüksəldiyini vurğulayıb.

Ümumilikdə, Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycan-ABŞ əlaqələrinin bütün məqamları belə deməyə əsas verir ki, ikinci dönəmdə də münasibətlərdə müsbət dinamika müşahidə olunacaq. Ölkə başçısı cənab İlham Əliyevin həm təbrik məktubunda, həm də iki ölkə rəhbərinin telefon danışığı zamanı da əlaqələrin, əməkdaşlıqların gücləndiriləcəyi vurğulanıb. Ən əsas amil isə odur ki, əvvəlki rəhbərdən fərqli olaraq Donald Trampın irəli sürdüyü təkliflər, verdiyi qərarlar Azərbaycan ictimai fikrinə daha yaxındır, həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən müsbət qaşılanır. Və bu mənada, münasibətlərimizin səviyyəsinin birinci dönəmdəkindən də irəli gedə biləcəyini böyük ümidlə söyləmək olar. Prezident İlham Əliyevin də dediyi kimi: “Öz açıqlamaları ilə cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların, bəlkə də, hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

          Nail ƏSGƏROV

Nəşr edilib : 12.02.2025 14:44