NAXÇIVAN :

06 Iyun 2026, Şənbə

Azər Məmmədrəhimov: WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu göstərir

...

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi. Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və rəqəmsal həllər sahəsində artan nüfuzunu göstərir”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında çıxışında qeyd edib. 
O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universiteti tərəfindən birgə təşkil olunan festivalın əsas istiqamətləri də məhz bu qlobal çağırışlarla üst-üstə düşür.

Çıxış zamanı festivalın statistikasına da toxunulub. Bildirilib ki, bugünkü festivalda, ümumilikdə, 60 startap komandası, 151 iştirakçı, 5 münsif, 9 panelist və 26 mentor iştirak edir. Festival çərçivəsində təqdim olunan layihələr rəqəmsal xidmətlər, süni intellekt texnologiyaları, enerji və su idarəetməsi, kənd təsərrüfatı texnologiyaları, təhlükəsizlik sistemləri, ekoloji həllər və innovativ şəhər infrastrukturu kimi strateji istiqamətləri əhatə edir.

Nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov vurğulayıb ki, festival dövlət qurumları, universitetlər və innovasiya sahəsində çalışan gənclər arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Nəşr edilib : 22.05.2026 10:21