NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Azad olunan torpaqlarımızda onun ayaq izi var

...

Vəli Vəli oğlu Quliyev 

(30.08.1997-19.10.2020)

Vəli haqqında danışmaq bir ana kimi mənim üçün böyük fəxrdir. Bütün şəhid anaları üçün də belədir. Çünki onlar 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad etdilər. Ölümdən qorxmadılar. Özlərini düşünmədilər, bizi düşündülər. Bu gün Vəli ilə qürur duyuram. Övladım barədə nə qədər danışsam da, azdır. Allah bütün valideynlərə Vəli kimi övlad nəsib etsin. Vəli bizə qarşı çox qayğıkeş idi. Bir sözümüzdən çıxmazdı. Ağıllı, tərbiyəli mehriban, gülərüz idi. Qohum-qonşu da ondan razılıq edirdi. Bir ana kimi çox sevinirdim ki, belə övlad böyütmüşəm. Nə biləydim ki, bu günü də yaşamaq mənə qismət olacaq? Vəli həm də Vətəninə, millətinə bağlı bir oğul idi. Yoldaşları da onun haqqında həmişə xoş sözlər danışırlar. Deyirlər ki, Vəli onlara qarşı da belə idi. Bu yaxınlarda xeyli sevindik. Digər oğlum Maqsudun övladı dünyaya gəldi. Adını Vəli qoyduq. İnşallah, o da adını daşıdığı Vəli əmisi kimi Vətəninə, millətinə xeyrli bir övlad olar. Düşünürəm ki, kiçik Vəli böyüyəndə əmisinin keçdiyi ömür yolu ilə fəxr edəcək. Qürur duyacaq ki, bir qəhrəmanın adını daşıyır. Çalışacaq ki, o ada layiq olsun. Qəhrəman əmisinin adına ləkə gətirməsin. 

Bu gün azad olunan torpaqlarımızda Vəlinin də ayaq izi var. Bu ayaq izləri ərazimizi bütövləşdirən izlərdir. Onu da deyim ki, bir ana kimi övladla sınanmaq ən çətin imtahandır. Bu imtahana dözürəm. Çünki mənim balam bizim başımızı uca etdi. Şəhidlik hər adama qismət olmur. Düzlüyü sevirdi. Sözündə bütöv idi.  Telefon söhbətlərində oğlum deyirdi ki, biz heç kəsin haqqına girməmişik. Hər şeyi düz edirik. Allah bizə, inşallah ki, şəhidlik qismət edər. Balam öz arzusuna çatdı. Şəhidlik zirvəsinə ucaldı. Xalqımın qəhrəmanına çevrildi. Bu gün Vəli və digər şəhidlərimiz hər bir azərbaycanlının qəlbində yaşayır. Mənim də arzularım çoxdur. Onlardan birincisi xalqımızın daim sülh şəraitində yaşamasıdır. Onda bizim də şəhid balalarımızın ruhu şad olur. Allah mənə Vəlinin yanına üzüağ getməyi nəsib etsin.

Nəşr edilib : 28.09.2024 15:15