NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Azad edilən torpaqlarımızda ayaq izləri var

...

Ceyhun Zeynal oğlu Dünyamalıyev

(15.10.1996-9.11.2020)

Ceyhun çox savadlı uşaq idi. Şəklini məktəbdə şərəf löhvəsinə vurmuşdular. Sakittəbiətli, mehriban idi. Qəti qərar vermişdi ki, hərbçi olacaq. İmtahanlardan yüksək bal toplayaraq hərbi məktəbə daxil oldu. Çox sevinirdi. Buradan yüksək qiymətlərlə Bakıya akademiyaya getdi. 31 tələbə arasında birinci yerə çıxmışdı. Diplomunu da gətirib göstərdi ki, ana, bax, 31 mötərizə içərisində də 1 yazılıb. Yoldaşları da ondan razılıq edirdilər. Bitirdikdən sonra saxladılar məktəbdə dərs desin, istəmədi. 

İmkan düşdükcə danışırdıq. Arxayın edirdi məni. Deyirdi ki, qələbə bizimdir. Tezliklə görüşərik. Sonuncu dəfə noyabrın ikisi danışmışdım. Zəng etmişdi mənə. Kef-hal tutduq. Şuşaya gedəcəyini dedi. Gecə saat 11 idi, yenə zəng vurdu. Demək, yoldaşları ilə bir-bir zəng edib ana-atalarından halallıq istəyirmişlər. Mənə də utanır desin, halal et. Ancaq bunu dedi ki, ana, qalxırıq Şuşaya. Mən də xeyir-duamı verdim. Bilməzdim ki, oradan sağ qayıtmayacaq. Sonra mən anladım ki, Ceyhun mənə nəsə demək istəyirdi. Tez-tez zəng etməyə başladım. Ancaq zəng çatmırdı. Noyabrın 3-ü telefonla əlaqə saxlaya bildim. Alo, alo... deyə yüksək səslə danışmağa çalışırdı. Silahların səsi imkan vermirdi danışaq. Son danışığı imiş demə... Noyabr ayının 9-u şəhid olub. Bizə kimsə nəsə demirdi. Ayın 11-nə kimi bilmədik. Hər yerdən maraqlandıq, gözləyirdik ki, Ceyhun gələcək. Sonra şəhid olma xəbərini bildik. Ayın 7-si yaralansa da, yaralı halda döyüşüb. Qanaxmadan dünyasını dəyişib. Ancaq qəhrəman kimi döyüşüb. Öndə olub. İşğaldan azad edilən torpaqlarımızda ayaq izləri var. Nə etmək olar? Demək, oğlumun və yoldaşlarının taleyinə şəhidlik yazılıbmış. Bu gün təsəllimi həm də onda tapıram ki, oğlumun adını qızımın övladı daşıyır.

Nəşr edilib : 15.09.2024 15:04