NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

“Ayının sevgisi” tamaşası Şərurda teatrsevərlərə təqdim edilib

...

"Şərq qapısı" xəbər verir ki, Şərur Rayon Mədəniyyət Sarayında  Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Anton Pavloviç Çexovun “Ayı” pyesi əsasında hazırladığı “Ayının sevgisi” tamaşasını teatrsevərlərə təqdim edib. 

Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı İlham İsmayılov, musiqi tərtibatçısı Yusif Həsənovdur. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov,  Məlahət Həsənova və Məhərrəm Əlilsoy canlandırıblar.
Qeyd edək ki, səhnə əsərinin əsas süjet xəttini borc məsələsi üzərində qurulan gərgin münasibətlər təşkil edir. Həyat yoldaşının vəfatından sonra qəm-qüssə içində yaşayan mülkədar Yelena İvanovna Popovanın evinə qəfil Qriqori Stepanoviç Smirnov gəlir. O, Yelenadan vəfat etmiş ərinin ona olan borcunu dərhal qaytarmağı tələb edir. Mülkədar qadın Smirnovdan müəyyən müddət möhlət istəyir, qonağı ədəbsiz, nəzakətsiz və ayı adlandırır. Eyni zamanda qulluqçu Lukaya qəfil qonağı evdən çıxarmağı əmr edir.
Borc qaytarılmadıqda tərəflər duelə çıxır. Smirnov qadını silahla necə rəftar etməyi öyrədir. Elə bu zaman o, Y.Popovaya sevgi etirafı edir. Qadın Smirnovdan çıxıb getməsini tələb etsə də, sonda onun sevgisini qəbul edir..

Tamaşaçılar tərəfindən maraqla izlənən səhnə əsəri alqışlarla qarşılanıb.

Nəşr edilib : 06.12.2024 18:07