NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Aygün Əliyeva: İnklüziv cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusilə mühüm rol oynayır

...

Müasir dövrdə şəhər inkişafının keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biri onun inklüzivlik səviyyəsi, yəni hər bir fərd üçün bərabər imkanların və maneəsiz mühitin təmin edilməsidir. İnklüzivlik cəmiyyətin bütün üzvlərinin, xüsusilə həssas qrupların sosial, iqtisadi və ictimai proseslərdə bərabər hüquq və imkanlarla iştirakını təmin edən fundamental prinsip kimi çıxış edir.

"Şərq qapısı" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.

A.Əliyeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, dünya üzrə təxminən 1,3 milyard insan, yəni hər 6 nəfərdən 1-i əlilliklə yaşayır və bu göstərici inklüziv şəhər siyasətlərinin qlobal prioritet olduğunu bir daha təsdiqləyir. “İnklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır. Bu anlayış əlçatan nəqliyyat sistemlərini, maneəsiz ictimai məkanları, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış informasiya mühitini, eləcə də rəqəmsal xidmətlərə bərabər çıxışı da əhatə edir. Nəticə etibarilə, belə yanaşma bütün vətəndaşların şəhər həyatında tam və effektiv iştirakını təmin edir.

Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Son illərdə ictimai infrastrukturun əlçatanlığının artırılması, sosial xidmətlərin daha inklüziv hala gətirilməsi və şəhər mühitinin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan işarə dilinin tanınması və sosial müdafiə sistemi çərçivəsində həyata keçirilən islahatlar dövlətin bu sahədə sistemli yanaşmasını nümayiş etdirir.

Digər tərəfdən, inklüziv cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusilə mühüm rol oynayır”, - deyə A.Əliyeva bildirib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları və ictimai təşəbbüs qrupları əlilliyi olan şəxslərin, gənclərin, qadınların, yaşlıların və digər həssas qrupların hüquqlarının müdafiəsinə yönəlmiş əhəmiyyətli layihələr həyata keçirir, eyni zamanda, ictimai iştirakçılığı və bərabər imkanları təşviq edirlər: “Maarifləndirmə kampaniyaları, inklüziv təhsil və məşğulluq proqramları, əlçatan mühitin təşviqi, sosial inteqrasiya təşəbbüsləri və ictimai monitorinq mexanizmləri vasitəsilə bu təşkilatlar dövlətlə cəmiyyət arasında körpü rolunu oynayırlar. Eyni zamanda, könüllülük fəaliyyəti, ictimai dialoq platformaları və gənclərin, eləcə də yerli icmaların qərarvermə proseslərinə cəlb olunması inklüziv inkişafın daha dayanıqlı və iştirakçı modelini gücləndirir”.

Nəşr edilib : 19.05.2026 10:30