NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Ayaz İsmayılov: “Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi sürücülərin sürət həddini pozmalarıdır

...

Son dövrlərdə muxtar respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri artıq ictimaiyyətdə ciddi narahatçılıq yaradır. Daim aktual olan bu məsələ son olaraq Nizami küçəsində baş verən nəqliyyat hadisəsi zamanı ölüm halının qeydə alınması ilə yenidən gündəmi zəbt etdi. Bəs bu sayda qəzalara səbəb nədir: avtomobillərin çoxluğu, sürücülərin diqqətsizliyi, yoxsa təyin olunmuş sürət həddini aşmaları?

Belə qəzaların baş vermə səbəblərini, həmçinin qarşısının alınması istiqamətində görülən tədbirlərlə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılova ünvanladıq. Müsahibimiz bu kimi hadisələrin baş verməsində başlıca səbəb kimi piyada və sürücü qismində insan faktoru olduğunu qeyd etdi: “İnsanların diqqətsizliyi, xüsusilə sürücü-piyada münasibətlərinin düzgün nizamlanmaması nəticəsində qəza hadisələri baş verir. Araşdırmalarımız, eyni zamanda son qəza bizə onu göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi sürücülərin sürət həddini pozmalarıdır. Bildiyiniz kimi, Naxçıvan şəhərində icazə verilən maximum sürət həddi 50 km/saat müəyyən olunub. Hətta uşaq bağçaları və məktəblərin önündə bu sürət 30 km/saata qədər endirilib, buna uyğun müvafiq yol nişanları quraşdırılıb. Lakin hələ də bəzi sürücülərimiz yol hərəkəti qaydalarına ciddi yanaşmırlar. Ərazidə inspektor və yaxud xidməti avtomobil görmədikdə onlarda belə bir fikir formalaşır ki, “Biz qaydaları poza bilərik”. Bunun nəticəsində də qəza halları baş verir. Qəzalar zamanı avtomobillərin deformasiyasına baxdıqda qəzanın şiddətini və səbəbinin də yüksək sürət olduğunu görmək mümükündür. Bir sürücü kimi öz müşahidələrim də onu göstərir ki, piyadalarımız da avtomobil yolunda olduqca rahat hərəkət edirlər. Bu hər kəs üçün keçərli deyil, təbii ki, hərəkət zamanı diqqətli davranan və işıqforlardan istifadə edən piyadalarımız da kifayət qədərdir. Bu səbəbdən də istər sürücülərimiz, istərsə də piyadalarımız qəza hadisələrindən qorunmaq istəyirlərsə, yol hərəkət qaydalarına əməl etməlidirlər”.

Ayaz İsmayılov onu da vurğuladı ki, son iki il ərzində muxtar respublika ərazisində avtomobillərin sayında kəskin artım var: “Söhbət 15 minə yaxın avtomobildən gedir. Bu səbəbdən yollarda sıxlıq müşahidə olunur. Ona görə də bütün sürücülərimiz küçə və yollarda diqqətli olmalıdır. İkinci bir tərəfdən yol ayrıclarının keçilmə qaydalarının pozulmasında qəzalara səbəb olan önəmli amillərdəndir. Onu da müşahidə edirik ki, yol-nəqliyyat hadisələri daha çox magistral yollarda baş verirdi. Lakin son dövrlərdə isə yol ayrıclarında baş verən qəzalarla daha sıx rastlaşırıq. Sürücülər yol hərəkət qaydalarına uyğun olaraq yol ayrıclarından düzgün istifadə etsələr, bu tip qəzaların qarşısı alınmış olar. Bir məsələyə də toxunmaq istiyərdim ki, yaz aylarının gəlməsi ilə artıq şəhərimizdə piyada hərəkətlərinin intensivləşməsi müşahidə olur. Piyadalarımıza tövsiyəm odur ki, xüsusilə axşam saatlarında hərəkət zamanı daha əlvan rəngli geyimlərdən istifadə etsələr məqsədəuyğun olar. Eyni zamanda moped, velosiped və motosiklet sürücüləri üçün də keçərlidir. Çünki məhdud görmə şəraitində əlvan rənglər yansıma verdiyi üçün diqqət çəkir, bu da, öz növbəsində, nəqliyyat hadisəsinin qarşısının alınması üçün önəmlidir”.

Müsahibimiz onu da qeyd etdi ki, ötən il ərzində muxtar respublikada ölüm və xəsarətalma ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsi baş verib: “Bu hadisələr nəticəsində 21 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Baş verən hadisələrin 15-i piyada vurulma hadisəsidir ki, bu hadisələr zamanı 10 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb”.

Ayaz İsmayılov sonda vətəndaşlarımızı yol hərəkət qaydalarına əməl etməyə çağırıb: “Bunun onlar üçün bir vərdiş halına gəlməsini arzu edirəm. Çünki həmin qaydalara riayət olunması, hər şeydən öncə, həm özümüzün həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir”.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 12.03.2025 17:31