Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsin...
14:56 03.10.2024
0
0
0
NAXÇIVAN :
03 Oktyabr 2024, Cümə axşamı
Avropaya enerjinin ixrac edilməsində Naxçıvanın perspektiv imkanları var. Naxçıvanı Prezident İlham Əliyev yaşıl enerji zonası elan edib. Yəni, biz illər sonra Naxçıvanın yaşıl enerjisini onun yerli məhsulu kimi tanıyacağıq. Əslində Naxçıvanın iqtisadi əhəmiyyətə malik yerli brend məhsulları çoxdur. Gələcəkdə yaşıl enerji bunların sırasında birinci olacaq. Bu brendi isə biz qürurla Türkiyə üzərindən Avropaya daşıyacağıq.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı söyləyib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin strukturunda olan stansiyaların ümumi gücü 244,8 meqavatdır və bu nəticəni əldə etmək yarım əsrə yaxın vaxt aparıb.
“Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 meqavatdır ki, bu da ümumi gücün 44,04 faizini təşkil edir. Günəş elektrik stansiyalarının ümumi gücü isə 39,4 meqavatdır. Biz növbəti 10 il ərzində yaşıl enerji ilə istehsal gücümüzü 1500 meqavata çatdırmağı planlaşdırırıq. Naxçıvanda 500 meqavat həcmində günəş elektrik stansiyasının tikilməsi haqqında layihənin araşdırılması və gələcəkdə icra olunması kimi prioritetlər görülən işlərin bariz nümunəsidir. Bu layihə II Şuşa Qlobal Media Forumunda dövlət başçısı tərəfindən yenidən vurğulanıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na əsasən, burada yaşıl enerji zonasının yaradılması, konsepsiya və tədbirlər planının hazırlanması nəzərdə tutulub. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində 7992 hektar əkinə yararsız torpaq sahəsində yaşıl enerji layihələrinin reallaşdırılması mümkün olacaq. Energetika Xidməti tərəfindən yaşıl enerji layihələrinin icrası ilə bağlı mütəmadi işlər aparılır”, - deyə Mətin Abbaslı qeyd edib.
O, vurğulayıb ki, alternativ və bərpaolunan enerji mənbələri üzrə külək və günəş elektrik stansiyalarının qurulması istiqamətində dövlət proqramında aidiyyəti üzrə prioritet istiqamətlər müəyyənləşdirilib: “Bu məqsədlə ilkin mərhələdə layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb. Yerli şirkətlərlə yanaşı xarici şirkətlərdən Türkiyənin, Çexiyanın, Birləşmiş Ərəb Əmirliklərinin, Almaniyanın şirkətləri Naxçıvan Muxtar Respublikasında alternativ və bərpaolunan enerji mənbələrinin qurulmasına maraq göstərirlər və onların bir neçəsi ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Danimarka Krallığının müvafiq şirkəti külək enerjisi sahəsində Naxçıvan Muxtar Respublikasında külək elektrik stansiyalarının tikilməsi üçün layihələrini təqdim edib. Həmin layihələrin muxtar respublika ərazisində texniki-iqtisadi səmərəliliyi araşdırılır. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı da bir neçə şirkətlə görüşlər keçirilib. TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Energetika Xidməti arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb. “Əməliyyat Müqaviləsi”nin yaxın zamanlarda imzalanması planlaşdırılır. Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib. Bizim əsas hədəflərimiz Naxçıvanda külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracıdır”.
Nail ƏSGƏROV
Digər xəbərlər