NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı: Azərbaycanın strateji baxışı və sülhə sadiqliyinin ifadəsi

...

Azərbaycan “Avropa Siyasi Birliyi” ilə münasibətlərin inkişafına xüsusi önəm verir, bu platformaya praqmatik yanaşır. Rəsmi Bakı üçün əsas məqsəd Avropa ölkələri ilə siyasi dialoqu genişləndirmək, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməkdir. Bu baxımdan, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xüsusilə önəmlidir və haqlı olaraq Aİ ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Xəzər qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz dəhlizi və Orta Dəhliz kimi qitələri birləşdirən, əməkdaşlıq körpüsü yaradan qlobal layihələr ölkəni Avropa üçün strateji tərəfdaşa çevirir. Digər tərəfdən, Azərbaycan “Avropa Siyasi Birliyi”platformasını regiondakı mövqeyini gücləndirmək və postmünaqişə dövründə formalaşan reallıqları təqdim etmək üçün dəyərləndirir. Bu baxımdan, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı regionda formalaşmaqda olan yeni siyasi reallıqların müzakirəsi baxımından diqqət çəkir. Prezident İlham Əliyevin tədbirə videobağlantı formatında qoşularaq etdiyi çıxış isə həm regional sülh prosesinə, həm də Avropa institutları ilə münasibətlərə dair mühüm mesajlarla yadda qaldı.

Azərbaycan-Ermənistan münasibətlərində sülhün iqtisadi və siyasi əsasları

Prezident İlham Əliyevin Zirvə toplantısında videoformatda çıxışında önə çıxan əsas xətt Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə yaranmış yeni mərhələnin – sülhə keçid prosesinin artıq real nəticələr verməyə başlaması təşkil edir. Dövlət başçısının vurğuladığı kimi, cəmi doqquz ay ərzində tərəflər sülh şəraitində birgə yaşamağa doğru addımlar atıb. Vaşinqtonda imzalanmış birgə bəyanat və sülh sazişi mətninin paraflanması bu istiqamətdə siyasi iradənin mövcudluğunu təsdiqləyir. Prosesdə Donald Trampın iştirakı isə münasibətlərin nizama salınmasında beynəlxalq faktorun rolunu və marağını göstərir.
Ötən müddətdə Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması və enerji məhsullarının ixracına başlaması isə sülhün praktik müstəviyə keçdiyini nümayiş etdirir. Bu addımlar iqtisadi inteqrasiyanın ilkin elementləri kimi çıxış edir və regionda qarşılıqlı əməkdaşlığın inkişafına zəmin yaradır. Xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivi, o cümlədən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun formalaşması Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında da bütün bu məsələlərə toxundu, indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırıldığını vurğuladı. Sitat: “Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”.

Avropa təsisatlarının ikili standartları – Azərbaycanın prinsipal mövqeyi və siyasi mesajları

Prezidentin çıxışında yer alan mühüm məqamlardan biri də Avropa institutlarının ölkəmizə münasibətdə fərqli yanaşmaların mövcudluğunu önə çıxarması və mühüm siyasi mesajlar ünvanlaması oldu. Bu kontekstdə qeyd etmək olar ki, Avropa Komissiyası Azərbaycanla əməkdaşlığa maraq göstərərək sülh prosesinə dəstək mövqeyi nümayiş etdirir. Lakin təəssüf ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların yanaşması bunun əksini ortaya qoyur. Xüsusilə də 2023-cü ilin sentyabrında Azərbaycanın lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyünü tam bərpa etməsindən sonra AŞPA nümayəndə heyətimizə tətbiq edilən sanksiyalar və qəbul olunan qətnamələr ikili standartların təzahürü və bu qurumun reallığı qəbul etməməsi yönündə ortaya qoyduğu cılız yanaşmadır. 
Ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən digər beynəlxalq təsisat isə məhz Avropa Parlamentidir. Təəssüf ki, 30 illik münaqişə dönəmində Azərbaycanın haqq səsini qulaq ardına vuran bu qurum indi də sülh prosesinə xələl gətirməyə, bölgədə gərginlik yaratmağa çalışır. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra –2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Son beş il ərzində 14 qətnamənin qəbulu özlüyündə bu təsisatın Azərbaycana münasibətdə qərəzli və qeyri-obyektiv yanaşma sərgilədiyini göstərir. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Absurt və ikrah doğuran səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlbinə nail olub. Bu baxımdan, Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 30 aprel tarixli qətnamə ilə bağlı verdiyi qərar və Avropa İttifaqının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notasının təqdim edilməsi rəsmi Bakının məsələyə prinsipial və qətiyyətli yanaşmasının göstəricisidir. XİN-in açıqlamasında da vurğulandığı kimi, sözügedən qətnamədəki müddəalar reallıqları təhrif edir, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə ziddir. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsi regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərir. Bütün bu qeyri-konstruktiv mövqeyin, ikili standartların məntiqi nəticəsi kimi, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Milli Məclisin qərarı ölkəmizin mövqeyinin qanunverici orqan səviyyəsində də rəsmi şəkildə dəstəkləndiyini göstərir. Bütün bu məqamlar Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışda yer aldı. Dövlət başçısı bu platforma vasitəsilə Azərbaycanın mövqeyini və iradlarını bir daha Avropa siyasi dairələrinin diqqətinə çatdırdı.

“Avropa Siyasi Birliyi” 2028 – regional sabitliyə doğru yeni imkanlar

Prezident İlham Əliyevin çıxışının digər mühüm məqamı isə gələcək perspektivlərlə bağlı idi. Dövlətimizin başçısı 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini elan etməklə ölkənin beynəlxalq platformalarda daha fəal və təşəbbüskar rol oynamaq niyyətini bir daha nümayiş etdirdi. Bu qərar Azərbaycanın təkcə regional deyil, həm də daha geniş coğrafiyada siyasi dialoqu təşviq edən mühüm aktora çevrildiyini göstərir. Ermənistanın bu təşəbbüsü dəstəkləməsi isə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm siyasi siqnal kimi dəyərləndirilə bilər. Bu yanaşma tərəflər arasında qarşılıqlı etimadın tədricən formalaşdığını və əməkdaşlıq üçün yeni imkanların yarandığını göstərir. Eyni zamanda bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş diplomatik səylərin davam etdiyini də nümayiş etdirir.
Ümumilikdə, İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini, eyni zamanda beynəlxalq tərəfdaşlarla münasibətlərdə praqmatik və prinsipial mövqe tutduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə regional sabitliyin möhkəmlənməsinə yönəlmiş siyasi iradəsini və diplomatik fəallığını bir daha ortaya qoydu. Mövcud dinamika göstərir ki, regionda dayanıqlı sülhün formalaşması təkcə siyasi razılaşmalarla məhdudlaşmır. Bunun üçün həm də iqtisadi inteqrasiyanın genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi vacib rol oynayır. Xüsusilə yeni əməkdaşlıq formatları və Orta Dəhliz, Zəngəzur dəhlizi kimi regional, qlobal layihələr Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real zəmin yarada bilər.


Nail ƏSGƏROV

Nəşr edilib : 04.05.2026 19:22