NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Aşıq Nabatın 110 illik yubileyi münasibətilə tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şərur rayonunun Siyaqut kəndində yerləşən Aşıq Nabatın məzarını ziyarət edib, məzarının üzərinə tər gül dəstələri düzüblər.
Şərur Rayon Mədəniyyət Sarayında davam edən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov aşığın həyat və yaradıcılığından bəhs edib.Qeyd edib ki, Aşıq Nabatın yaradıcılığında yurd həsrəti ayrıca bir mövzu təşkil edir. El aşığının qoşma, gəraylı və bayatılarının əksəriyyətində yurd həsrəti, vətən sevgisi, doğma yerlər üçün alışıb-yanma hissinin ifadəsini müşahidə olunur.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səfər Hüseynov Aşıq Nabatın vətəndən uzaqda yaşaması onda yurd həsrəti, el dərdi yaratmasını və bu hisslərin aşığın  yaradıcılığında dərin iz buraxmışdır, – deyə bildirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət,Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Yurdoğlunun moderatorluğu ilə davam edən tədbirdə Aşıq Nabat Cavadovanın qızı Kəmalə xanım ilə videobağlantı vasitəsilə əlaqə yaradılıb. Kəmalə xanım anası ilə yaşadığı xatirələri tamaşaçılarla bölüşüb.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, ustad aşıqlar – Afaq Kamalova, Növqar Məmmədov, Lamiyə Həsənzadə və digər sənətkarların ifasında “Kərəm” gözəlləməsi, “Ovşarı” havası, “Ayaq şəşəngi” havası, “Yanıq Kərəmi” havası və bir sıra musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.
Sonda konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 29.11.2024 18:39