Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan ...
20:01 16.09.2026
0
0
0
Heydər Əliyev adına məktəbdən reportaj
Artıq yeni tədris ili başladı və birincilərdən on birincilərə qədər hər kəsin səbirsizliklə gözlədiyi məktəb qapıları açıldı. Üçaylıq yay tətilinin ardından məktəblər doğma şagirdlərinin səs-küyü ilə dolub-daşdı, müəllimlərin sevgisi ilə qucaqlaşdı. Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbdə oxuyan şagirdlər də sentyabrın 15-də ilk zəngdən sonra doğma təhsil ocağına, arzularının ünvanına qovuşdular.
Ulu Öndərin adını daşıyan məktəb artıq 22 ildir, fəaliyyət göstərir və təkcə Naxçıvan şəhərinin deyil, ölkəmizin tanınmış təhsil ocaqlarından biri kimi seçilir. Bu təhsil ocağının müəllimi, şagirdi və məzunu olmaqdan doğan qürur, hər şeydən əvvəl, həyatının ən dəyərli və məsuliyyətli illərini məhz Ulu Öndərin adını daşıyan məktəblə bağlayan pedaqoqların əməyi, buradan həyata vəsiqə qazanan gənclərin uğurları ilə bağlıdır. Bu sentyabrda da Heydər Əliyev adına məktəb belə motivlərlə yeni tədris ilinə başladı və ilk gündən dərslər öz ahəngi ilə davam edir.
Hazırda 1174 şagirdin təhsil aldığı Heydər Əliyev adına məktəbdə 80 yüksək ixtisaslı müəllim çalışır. Məktəbin direktoru Həsən Həsənov hər il olduğu kimi, bu tədris ilində də yetirmələrindən yüksək qəbul nəticələri gözlədiyini qeyd edir. “Bizim üçün yetirmələrimizin vətənpərvərlik ruhunda böyümələri ən böyük uğurumuzdur”, – deyir təcrübəli təhsil işçisi. Elə buna görə də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış iki məzununun – baş leytenant Raqib Adil oğlu Hüseynovun və baş leytenant Sahil Rasim oğlu Məmmədovun adları məktəbdə həmişə böyük fəxrlə çəkilir.
Bu gün Ulu Öndərin adını daşıyan məktəbdə oxuyan bütün şagirdlər məhz Azərbaycanın gələcəyi üçün yaşamağı, işləməyi və mübarizə aparmağı öyrənir, bu ruhda tərbiyə olunurlar. Beləcə, illər keçəcək, müqəddəs şəhidlərimizin adları verilmiş sinif otaqlarında elmə yiyələnən, irfan sahibi olan bu gənclər Heydər Əliyev adına məktəbdən çiçəklənən arzularının ardınca yeni həyata başlayacaqlar.
Əli Cabbarov
Digər xəbərlər