Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yolumuzu bu dəfə tariximizin dərindən öyrənilməsi üçün səfərbər olan arxeoloqlarla görüşə istiqamətləndirdik. İstiqamət Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər yeri Xaraba Gilandır. Qədim şəhərin qalıqları bu gün arxeoloqlarımız tərəfindən zərif toxunuşlarla böyük bir zəhmətin qarşılığında öyrənilir. Həmkarlarım Rafiq Təhməz və Zülfüqar Qurbanlı ilə hündür təpələri qalxdıqca qarşımızda tarix səhnəsi açılırdı. Yolboyu rəngarəng şirli saxsı qırıntılarını gördükcə həmin dövrə səyahət etmiş olurduq. Nostalji hisslərlə həmkarlarımla söhbətləşərək Xaraba Gilan şəhər yerinin 2-ci memorial kompleksində 1 saylı türbənin yanında qərar tutduq.
Qeyd edim ki, bizimlə bərabər bu qədim şəhərə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin professor-müəllim heyəti, eləcə də Tarix və Tarix müəllimliyi ixtisasında təhsil alan tələbələri də orada idi. Bizi ömrünü tarixi köklərimizin, maddi mədəniyyətimizin izlərinə həsr etmiş tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli qarşıladı. Bəhlul müəllim sanki sinəsidolu canlı tarix ensiklopediyasıdır. Hal-əhval tutduqdan sonra bizi yeni tapıntılarla tanış etməyə başladı. Dayandığımız ərazinin XII əsrin sonu XIV əsrin əvvəllərinə aid memorial kompleks olduğunu bildirən müsahibimiz qeyd etdi ki, şəhər yerində artıq bir memorial kompleks məlum olduğundan və qismən tədqiq olunduğu üçün bu kompleksi şərti olaraq 2-ci memorial kompleks adlandırmışıq. Burada səkkiz türbə var. Bu türbələr ailə sərdabələridir və dəfn adəti Son Tunc dövründən başlayaraq Naxçıvan ərazisində ardıcıl olaraq davam edib. Yəni bir ailənin üzvləri dünyasını dəyişdikcə bu sərdabədə dəfn olunub.
Məlumdur ki, Eneolit dövründə mərhumu yaşayış yerində – evlərin döşəməsində və həyətlərdə dəfn edirdilər. Erkən Tunc dövründən ayrıca nekropollar yaranırdı. Son Tunc dövründən başlayaraq artıq ailə sərdabələri əmələ gəlmişdi, bir ailənin üzvlərini vəfat etdikcə ayrı-ayrı yox, bir sərdabənin içərisində dəfn edirdilər. Ona görə də bir sərdabədə dəfn 100-150 il davam edirdi. Ailə üzvləri vəfat etdikcə onları ailə sərdabəsində dəfn edirdilər.
Plovdağın ikinci və üçüncü nekropollarında təkdəfnli kurqanlarda çoxdəfnli adətin ilkin variantını izləmişdik. Bu qəbirlər təkdəfnli adətindən çoxdəfnli adətə keçid dövrünə aiddir. Bir nəfər üçün nəzərdə tutulmuş daş qutu qəbirdə üç adam üst-üstə dəfn olunmuşdu. Orta əsr türbələri də çoxdəfnli adətin inkişaf etmiş formasıdır. Naxçıvan-Marağa memarlıq məktəbinə aid memorial abidələr memarlıq üslubundakı orijinal elementlərinə, tikinti materiallarının keyfiyyətinə görə digər abidələrdən fərqlənirlər. Tikinti materialları içərisində yerli vulkanik daşı və yüksəkkeyfiyyətli gəci xüsusilə qeyd etmək lazımdır. Yüksək seysmik bölgədə yerləşən Naxçıvan ərazisindəki tikililər üçün bunun böyük əhəmiyyəti olmuşdur. Onu da deyim ki, mütəxəssislər də Naxçıvanın orta əsr gəcini müasir sementdən ayıra bilmir. Məhz bu keyfiyyətli tikinti materialları sayəsində Möminə xatun (1186), Yusif Küseyir oğlunun (1162) türbələri dövrümüzədək saxlanılmışdır.
İkinci memorial kompleksin əhəmiyyəti barədə danışan müsahibimiz deyir ki, buradakı sərdabələrdə dəfnlərin çoxu Elxanilər (İlxanilər) dövrünə aiddir. Həmin dövrün dəfn adəti hələ tam öyrənilməyib. Biz elə İslam dövrü deyirik, lakin nəzərə almaq lazımdır ki, Hülakülər İslamı qəbul etdilər, yəni müsəlman oldular, dəfnləri də müsəlman adətləri ilə oldu. Amma İslam dinini qəbul etsələr də, xüsusən dəfn adətində öz qədim adət-ənənələrini qoruyub saxladılar. Gördüyümüz kimi, ikinci memorial kompleksdəki türbələr formaca müsəlman türbəsi olsa da, tabutlarda mahiyyətcə fərqlənirlər. Bu sərdabələrdə dəfn taxtadan, xüsusi formada hazırlanmış müsəlman tabutlarında həyata keçirilir, ölülər geyimdə başının altında yastıq, yorğan, döşəklə dəfn olunublar. Eyni zamanda maraqlı cəhətlərdən biri də odur ki, tabutların içərisindən cəviz, ərik, şaftalı çəyirdəkləri aşkar olunur. Qızıl Orda, Elxanilər dövlətləri ərazilərindəki eyni dövrün abidələrində aparılan tədqiqatların nəticələri göstərir ki, bu dəfn adətinin bir elementi olmuşdur.
Qəbirlər dağıdılmış vəziyyətdə olsalar da, onlardan çox unikal parça nümunələri tapılır. Bəzi parçalar var ki, Mərkəzi Asiyada, Yaxın Şərqdə istehsal olunub. Parçalarda Çinin təsiri daha çox izlənir. Çox ehtimal ki, bu parçalar içərisində Azərbaycanda, eləcə də Naxçıvanın özündə də istehsal olunan parçalar vardır. Parçalarda ən çox diqqəti cəlb edən naxışlar və onların sementikasıdır. Yazılı, eyni zamanda, üzərində at, əjdaha, quş təsvirləri olan parçalar da vardır. Bu parçalar içərisində Səlcuqlu dövründə, üzərində səkkizguşəli ulduz, qoç buynuzu təsvirləri olan nümunələrə də rast gəlirik. Bu naxışların bir çoxu, xüsusən astral inancla, tanrıçılıqla, atalar kultu ilə bağlı olan naxışlar, hələ Erkən Tunc dövründən Naxçıvan ərazisində geniş yayılmışdı. Çeşidinə gəldikdə isə burada dörd növ parça tapılıb ki, ən çox rast gəlinən yun, kətan, ipək, pambıq parçalardır. Xalça kimi toxunan parçalar da vardır. Bəzəkli parçaların ən yaxşı nümunələri 19 saylı qəbirdə aşkar olundu. Beləliklə, deyə bilərik ki, Naxçıvanın IX-XIV əsrlər maddi mədəniyyətinin və tarixinin tədqiqində Xaraba Gilan şəhər yerindəki memorial komplekslərin tədqiqinin müstəsna elmi əhəmiyyəti vardır.
Bu xarabalığa çevrilmiş qədim şəhərdə gördüklərimizdən, Bəhlul İbrahimlinin maraqlı söhbətlərindən gəldiyimiz qənaət birmənalıdır: burada tariximiz yatır. Bu tarixi araşdırmalar isə tarixdə yaşayacaqlar.
Aidə İBRAHİMOVA
Digər xəbərlər