SOCAR və “Honeywell Technologies” arasında Qlobal ...
22:53 06.11.2026
0
0
0
NAXÇIVAN :
07 Noyabr 2026, Şənbə
Arpaçay su anbarında su ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Avqustun 21-nə olan məlumata görə, anbarda 129,64 milyon kubmetr su ehtiyatı var. Ötən ilin müvafiq dövründə bu göstərici 72,18 milyon kubmetr təşkil edib. Ümumi tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarında su ehtiyatlarının yüksək olması Naxçıvanda suvarma mövsümünün daha səmərəli təşkilinə imkan verir. Anbarın suyundan, əsasən, Şərur, Kəngərli və Sədərək rayonlarında yerləşən kənd təsərrüfatı sahələrinin suvarılmasında istifadə olunur.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Texniki istehsalat və suyun balansı şöbəsinin məsləhətçisi Çingiz Ağayev “Şərq qapısı”na açıqlamasında bildirib ki, cari ildə Arpaçay su anbarından, ümumilikdə, 14 min 52 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub.
Onun sözlərinə görə, indiyədək təkrar suvarmalar da nəzərə alınmaqla 3300 hektar yaşıllıq, 4048 hektar yazlıq əkin və 4324 hektar bostan-tərəvəz sahəsi suvarma suyu ilə təmin edilib. Digər əkin sahələrinin suvarılması isə davam etdirilir. Çingiz Ağayev su ehtiyatlarının artmasını son dövrdə Naxçıvan ərazisində müşahidə olunan intensiv yağıntılar, eləcə də ötən ilin sonlarından formalaşan qar ehtiyatlarının tədricən əriməsi ilə əlaqələndirib. Dağlıq və dağətəyi ərazilərdən gələn su axınlarının artması Arpaçay su anbarında su ehtiyatlarının yüksəlməsinə səbəb olub. Hazırda anbarın su ehtiyatlarından Şərur rayonunun 55 kəndinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və bir sıra kəndlərinin, həmçinin Sədərək rayonundakı kənd təsərrüfatı sahələrinin suvarılmasında istifadə edilir. Bu ərazilərdə, əsasən, taxıl, yonca, tərəvəz, bostan və digər kənd təsərrüfatı bitkiləri becərilir.
Mütəxəssis bildirib ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması və su itkilərinin minimuma endirilməsi istiqamətində də tədbirlər görülür. Bu məqsədlə Arpaçay sağ və sol sahil kanallarının yenidən qurulması ilə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulur. “Bu tədbirlərin həyata keçirilməsi suvarma suyunun daha səmərəli idarə olunmasına və kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan verəcək”, – deyə Çingiz Ağayev əlavə edib.
Digər xəbərlər