Yardımlı rayonunda zəlzələ olub
16:58 19.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialının açılışı olub.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov aqrar sahəyə daimi dövlət dəstəyi barədə danışıb, aqrar sığortanın fermerlər üçün vacib dəstək mexanizmi olduğunu bildirib. Onun sözlərinə görə, aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların çoxsaylı risklərdən qorunması təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradacaq, aqrar sahəyə marağı artıracaq, bununla da ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək.
Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova Naxçıvanda aqrar sığortanın tətbiqinin fermerlər üçün çoxdan gözlənilən mühüm yenilik olduğunu vurğulayıb. Nazir müavininin sözlərinə görə, mürəkkəb iqlim şəraitinə malik olan Naxçıvanda tez-tez baş verən təbiət hadisələri – dolu, qasırğa və sair hallar aqrar təsərrüfatlara və fermerlərə zərər vurur. Zərərlərin qarşısını almaq üçün ən sərfəli üsul dövlət tərəfindən tətbiq edilən aqrar sığortadan faydalanmaqdır.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkini, iri və xırdabuynuzlu mal-qaranı, balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının yarısını isə fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə, fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər.
Roman Əmircanov qeyd edib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, Aqrar Sığorta Fondu tərəfindən bu günə qədər müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 12 milyon manatdan artıq sığorta ödənişi edilib və bu məbləğ hər gün artmaqdadır. İdarə heyətinin üzvü bildirib ki, Naxçıvanda aqrar sığortanın fəaliyyətə başlaması fermerlərin fəaliyyətinə böyük dəstək və təsərrüfatlar üçün çoxsaylı risklərdən müdafiə olacaq.
“Aqrar Sığorta müştərək Sığorta Şirkəti” ASC-nin idarə heyətinin sədri Elnarə Abbasova bildirib ki, hazırda ölkə üzrə 400 min hektardan çox əkin sahəsi sığortalanıb. Naxçıvan filialının fəaliyyətə başlaması nəticəsində artıq yerli fermerlər də, taxıl sahələrini, meyvə bağlarını, tərəvəz və texniki bitkiləri, eləcə də kənd təsərrüfatı heyvanlarını sığorta edə biləcəklər. Sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində aqrar sığorta fermerlər üçün əlçatandır. Elnarə Abbasova sığortalanma prosesinin sadə olduğunu bildirərək qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş istənilən təsərrüfatı sığortalamaq mümkündür.
Tədbirdə çıxış edən digər dövlət qurumlarının nümayəndələri və fermerlər aqrar sığortanın Naxçıvanda fəaliyyətə başlamasının mühüm hadisə, fermerlərə böyük dəstək olduğunu qeyd ediblər. Tədbir iştirakçıları Aqrar Sığorta Fondunun filialı ilə tanış olub, onlara aqrar sığorta məhsulları, məhsul şərtləri, sığorta haqları, sığortalanma və sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Naxçıvan şəhərinin İstiqlal küçəsi 115 ünvanında yerləşən filial muxtar respublikanın bütün ərazisindəki fermer və təsərrüfatlara xidmət göstərəcək. Naxçıvan filialı Aqrar Sığorta Fondunun bölgələrdəki sayca 7-ci filialıdır. İndiyədək fondun Quba, Cəlilabad, Göyçay, Şəki, Goranboy və Şəmkir filialları fəaliyyət göstərirdi. Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Sığorta kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin fondun 1651 çağrı mərkəzinə zəng etməklə aqrar sığorta barədə məlumat alıb təsərrüfatlarını sığortalaya bilərlər.
Nail ƏSGƏROV
Digər xəbərlər