NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Anaqut kəndində kənd turizminin inkişafı məqsədilə görüş keçirilib

...

Bu  gün  Ordubad rayonunun Anaqut kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyəti başçısının Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Abdullayev bildirmişdir ki,  muxtar respublikanın ucqar dağ kəndlərində kənd turizminin inkişafı üçün yaxşı şərait vardır.   Bu kəndlərin rəngarəng təbiəti, zəngin mətbəxi, qonaqpərvərliyi  və  əhalinin komfortlu həyat tərzi istirahətini burada    keçirmək istəyənlərin sayını artırır.  Nəticədə, kənd turizmi ilə məşğul olmaq hər bir kənd sakini üçün əlavə gəlir mənbəyi  gətirir. 
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Məruzəçi tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulamış, muxtar respublikanın turizm potensialı haqqında geniş məlumat vermişdir. O bildirmişdir ki,  hazırda Naxçıvanda turizmin inkişafı iqtisadiyyatın prioritet sahələrindən biri hesab edilir və  regionun  coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarixə malik tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.  Görüşdə  Naxçıvanda  turistlərin qalmaq  istədiyi  kənd evlərində yerləşdirmə xidməti üçün tələblər, turistlərə göstərilən əlavə xidmətlər və digər mövzular haqqında tədbir iştirakçılarına məlumat  verilmişdir.  
Sonda  kənd sakinlərini maraqlandıran suallar cavablandırılmışdır.

Nəşr edilib : 24.10.2024 19:01