Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şair...
14:22 01.08.2026
0
0
0
NAXÇIVAN :
01 Avqust 2026, Şənbə
Xalqların taleyində elə dəyərlər var ki, onları nə iqtisadi göstəricilərlə ölçmək, nə də siyasi qərarlarla əvəz etmək mümkündür. Ana dili həmin dəyərlərin başında gəlir. İnsan dünyaya göz açdığı ilk gündən ətraf aləmi ana dilinin səsləri ilə tanıyır, düşünməyi, hiss etməyi, sevməyi və özünü ifadə etməyi bu dil vasitəsilə öyrənir. Buna görə də ana dili təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi təcrübəsinin, milli yaddaşın və milli kimliyinin ən etibarlı daşıyıcısıdır.
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə bir həqiqəti yenidən xatırladır: ana dili yalnız keçmişdən miras qalan sərvət deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Bu məsuliyyət təkcə dilçilərin, müəllimlərin və dövlət qurumlarının deyil, Azərbaycan dilində danışan hər bir insanın üzərinə düşür.
Bu gün Azərbaycan dili dövlət dili kimi Konstitusiya ilə qorunur, onun inkişafı və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində mühüm hüquqi baza formalaşdırılıb. Lakin dilin hüquqi statusunun yüksək səviyyədə təmin olunması onun qarşısında duran bütün problemlərin aradan qalxdığı anlamına gəlmir. Dil insanların gündəlik ünsiyyətində, yazı mədəniyyətində, təhsil prosesində və informasiya məkanında istifadənin keyfiyyəti ilə yaşayır və inkişaf edir.
Məhz bunu görə də Azərbaycan dilinin inkişafı və dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev çıxışlarında və imzaladığı sənədlərdə ana dilinin qorunmasını, saflığının və zənginliyinin mühafizəsini, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin mühüm şərtlərindən biri kimi qiymətləndirmişdir. Bu yanaşma göstərir ki, ana dilinin qorunması təkcə mədəniyyət siyasətinin tərkib hissəsi deyil, həm də milli təhlükəsizliyin, informasiya müstəqilliyinin və milli kimliyin möhkəmləndirilməsinə xidmət edən strateji istiqamətdir.
Müasir informasiya mühiti ana dili üçün həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Xarici dilləri öyrənmək dövrün tələbi olsa da, bu ana dilinə laqeyd münasibət yaratmamalıdır. Təəssüf ki, bəzən sosial şəbəkələrdə və gündəlik ünsiyyətdə ehtiyac olmadan xarici sözlərə üstünlük verilir. Halbuki zəngin dil öz ifadə imkanlarını başqa dillərin hesabına deyil, daxili imkanları ilə təmin edir. Son illərdə rəqəmsal kommunikasiya mühitinin genişlənməsi yazı mədəniyyətinə də təsirsiz ötüşmür. Orfoqrafik və üslubi qaydalara diqqətin azalması, fikrin natamam, qısa və tələsik ifadə olunması adi hal kimi qəbul edilir. Halbuki dilə münasibət insanın intellektual səviyyəsinin, dünyagörüşünün və düşüncə mədəniyyətinin göstəricisidir. Dəqiq düşünən insan fikrini də dəqiq, məntiqli və səlis ifadə etməyə çalışır. Söz ehtiyatının zənginliyi, cümlə quruluşunun düzgünlüyü və nitqin ardıcıllığı təkcə dil bacarığını deyil, analitik təfəkkürü də əks etdirir.
Dil normalarına əməl olunması yalnız filoloji tələb deyil, həm də ictimai ünsiyyətin keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Rəsmi yazışmalarda, kütləvi informasiya vasitələrində və rəqəmsal platformalarda dilin ədəbi dil normalarına riayət edilməsi cəmiyyətdə düzgün nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Bu baxımdan, media, təhsil müəssisələri və elmi ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Gənc nəsil, əsasən, informasiya məkanı rəqəmsal mühit olduğundan burada Azərbaycan dilinin zəngin ifadə imkanlarının nümayiş etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi indiki mərhələdə Azərbaycan dilinin bu mühitdə funksional imkanlarının genişləndirilməsi strateji vəzifələrdən biridir. Ana dilinin elektron lüğətlərdə, elmi bazalarda və müasir texnoloji tətbiqlərdə dolğun təmsil olunması onun gələcək inkişafına xidmət edir. Dilə göstərilən qayğı, əslində, milli düşüncə mədəniyyətinin, intellektual potensialın və mənəvi dəyərlərin qorunmasına yönəlmiş uzunmüddətli sərmayədir.
Dilin ifadə imkanlarının məhdudlaşması, söz ehtiyatının daralması və eyni qəlib ifadələrin üstünlük qazanması düşüncə mədəniyyətinin də səthiləşməsinə səbəb ola bilər. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də təfəkkürün formalaşdığı mənəvi və intellektual mühitdir. Söz ehtiyatı nə qədər zəngin olarsa, fikrin ifadə imkanları da bir o qədər geniş olar. Buna görə də ana dilinin saflığını və zənginliyini qorumaq yalnız filoloji məsələ deyil, milli intellektual potensialın və ümumi mədəni inkişafın mühüm şərtidir.
Ana dilinin bugünkü vəziyyətinə siyasi aspektdən yanaşdıqda da mühüm məqamlar ön plana çıxır. Dövlət dili milli təhlükəsizliyin humanitar sütunlarından biridir. İnformasiya müharibələrinin, ideoloji təsirlərin və rəqəmsal manipulyasiyaların geniş vüsət aldığı müasir dövrdə milli dilin nüfuzunun qorunması yalnız mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyan dövlət siyasətidir. Güclü dövlət yalnız iqtisadi və hərbi potensialı ilə deyil, öz dilinin nüfuzu ilə də tanınır. Bununla yanaşı, ana dilinin qorunması məsuliyyətini yalnız dövlətin üzərinə qoymaq doğru olmaz. Dil ailədə formalaşır, məktəbdə cilalanır, cəmiyyətdə kamilləşir. Valideyn övladı ilə ana dilində zəngin və düzgün danışmalı, ailədə mütaliə ənənəsi formalaşdırılmalı, müəllim nitq mədəniyyətinə, media isə ədəbi dil normalarına həssas yanaşmalıdır.
Problemin həlli, ilk növbədə, dil sevgisinin, ana dilinə hörmət hissinin və düzgün nitq mədəniyyətinin formalaşdırılmasından keçir. Xüsusilə gənclərin fəal istifadə etdiyi rəqəmsal platformalarda Azərbaycan dilində cəlbedici məzmunun artırılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda elektron lüğətlərin, terminoloji bazaların, avtomatik tərcümə sistemlərinin, nitq tanıma texnologiyalarının, süni intellekt tətbiqlərinin Azərbaycan dilində inkişaf etdirilməsi onun rəqəmsal mühitdə mövqeyini daha da gücləndirəcək.
Ana dili müasir texnologiyaların kənarında qalan deyil, onların imkanlarından istifadə edən və həmin imkanları formalaşdıran fəal bir dil olmalıdır. Azərbaycan dilinin rəqəmsal məkanda mövqeyinin möhkəmləndirilməsi onun gələcək nəsillər üçün daha funksional və nüfuzlu dil kimi inkişafını təmin edəcək. Bu istiqamətdə atılan hər bir addım milli düşüncə tərzimizin və intellektual potensialımızın inkişafına xidmət edir.
Azərbaycan dili əsrlərin sınağından keçərək bu günümüzə gəlib çatan zəngin mənəvi və mədəni irsin ən etibarlı daşıyıcısıdır. Bu dil Nizaminin hikmətini, Füzulinin yüksək poetik düşüncəsini, Vaqifin həyat fəlsəfəsini, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəylinin və digər görkəmli şəxsiyyətlərimizin irsini nəsildən-nəslə çatdıran mənəvi körpüdür. Onun zənginliyi təkcə lüğət tərkibi ilə deyil, xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini yaşatmaq gücü ilə ölçülür.
Bu gün ana dilini qorumaq yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə məsuliyyətli münasibətin göstəricisidir. Müasir dünyada dillər də qlobal informasiya məkanında öz mövqeyini qorumaq uğrunda rəqabət aparır. Buna görə də Azərbaycan dilinin elm, təhsil, media, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində tətbiqinin təmin edilməsi milli inkişafın mühüm istiqamətlərindən biridir. Ana dilinin gələcəyi yalnız dövlət siyasətindən deyil, hər birimizin gündəlik davranışından asılıdır. Uşağına layla deyən ana, dərsini ana dilində sevdirən müəllim, nitqinə məsuliyyətlə yanaşan jurnalist, sözün dəyərini qoruyan yazıçı, auditoriyada səlis danışan alim və sosial şəbəkələrdə düzgün yazmağa çalışan gənc – onların hər biri Azərbaycan dilinin sabahını formalaşdıran mühüm qüvvədir.
Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə diqqətimizi yalnız dilimizin keçdiyi tarixi yola deyil, onun gələcəyi qarşısında daşıdığımız məsuliyyətə yönəltməliyik. Ana dili xalqın düşüncə tərzini, mənəvi yaddaşını və milli kimliyini yaşadan əsas dəyərdir.
Onun saflığını, zənginliyini və nüfuzunu artırmaq hər birimizin vətəndaşlıq borcudur. Çünki ana dili yaşadıqca xalqın yaddaşı yaşayacaq, milli yaddaş möhkəmləndikcə isə Azərbaycan dövlətçiliyinin mənəvi təməli daha da güclənəcək.
Mehriban ƏSƏDULLASOY
filologiya elmləri doktoru, dosent
Digər xəbərlər