NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

AMEA-nın Naxçıvan bölməsində institutların hesabatları dinlənilib

...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin elmi-tədqiqat müəssisələri 2024-cü il üzrə elmi və elmi təşkilati fəaliyyətləri barədə hesabatı təqdim ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə AMEA-dan bildirilib ki, bununla əlaqədar keçirilən hesabat iclasında akademiyanın prezidenti akademik İsa Həbibbəyli iştirak edib.

Əvvəlcə bölmə əməkdaşlarının il ərzində çap olunmuş elmi əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.

Hesabat iclasında AMEA-nın Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev bildirib ki, elmi-tədqiqat müəssisələrinin hər il keçirilən hesabat iclasları aparılan araşdırmaların nəticələrin təhlili baxımından faydalı olmaqla yanaşı, həm də növbəti il üçün fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

Akademik İsmayıl Hacıyev cari ildə Naxçıvan bölməsində əldə olunan yekun nəticələr, nəşr olunan elmi əsərlər barədə məlumat verərək builki göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisə edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında akademiyanın hazırda çoxtərəfli yeniləşmə prosesindən keçməsindən, bu dövrün əməkdaşlar üzərinə qoyduğu məsuliyyətdən bəhs edib.

Akademiyada tətbiq olunan yeniliklər, yeni yaradılan şöbələr barədə ətraflı danışan İsa Həbibbəyli vurğulayıb ki, aparılan islahatlar zamanın tələbi və ölkə maraqlarına uyğun olaraq reallaşdırılmalıdır.

Akademiyada rəqəmsallaşma ilə bağlı tədbirləri, Elektron akademiya şöbəsinin fəaliyyətini diqqətə çatdıran AMEA-nın prezidenti Naxçıvan bölməsində bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. İlin sonuna kimi AMEA-nın tam şəkildə Elektron dövriyyə sisteminə keçəcəyini qeyd edib.

Akademik İsa Həbibbəyli çıxışı zamanı alimlər qarşısında bir sıra vəzifələr müəyyənləşdirib. Vurğulanıb ki, azərbaycanşünaslıq istiqamətində araşdırmaların aparılması AMEA-nın fəaliyyətinin əsasını təşkil edir. Bu fəaliyyətin davamı olaraq ədəbi, tarixi şəxsiyyətlərlə bağlı tədqiqatların əhatə dairəsi genişləndirilməli, mövzu ilə bağlı aparılan araşdırmalar kitab və monoqrafiya halında çap olunmalıdır. Eyniləşdirməyə yol vermədən, müasir dövrün tələbləri səviyyəsində yeni istiqamətlər müəyyənləşdirilməli, bəşəri dəyərlər və ölkənin maraqları nəzərə alınmaqla fəaliyyət təmin olunmalıdır. Bu fəaliyyət forma və məzmunca yeniləşmə dövrünü yaşayan AMEA-nın fəaliyyət istiqamətlərindən biri və başlıcası olanıdır.

Bununla yanaşı, xarici dillərdə məqalə dərcinə diqqət artırılmalı, aparılan elmi araşdırmaların beynəlxalq elmi ictimaiyyətə çatdırılması diqqətdə saxlanılmalıdır. “Scopus” və “Web of Science” elmi bazalarında məqalə dərci xüsusi diqqətdə saxlanmalıdır. Sayca kiçik kollektivlə fəaliyyət göstərən Naxçıvan Bölməsində 2024-cü ildə “Scopus” və “Web of Science” elmmetrik bazalarına daxil olan 7 məqalə dərc edilib. Bu, Naxçıvan Bölməsinin uğuru olmaqla yanaşı, bölmənin düzgün qurulan fəaliyyətinin nəticəsidir.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Vəli Baxşəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev, Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov hesabat məruzələri ilə çıxış ediblər.

Sonra hesabat məruzələri üzrə müzakirələr aparılıb.

İclasda AMEA-nın prezidenti İsa Həbibbəyli təqdim olunan hesabatlar barədə qənaətlərini bölüşərək müsbət fikirlərini ifadə edib.

Nəşr edilib : 25.11.2024 17:54