NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

...

Türkiyənin Qars şəhərində Türkiye Çocuk ve Gençlik Edebiyyatı Yazarlar Birliyinin təşkilatçılığı ilə “13-cü Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu” keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, Qars Qafqaz Universitetinin ev sahibliyi ilə keçirilən  simpoziumda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, həmin institutun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru Firudin Rzayev və bölmənin “Tusi” nəşriyyatının baş redaktoru Qafar Qənbərov iştirak ediblər.  
Simpoziumda Elxan Məmmədov “Məlikməmməd nağılında ailə əlaqələri və əxlaqi dəyərlər: uşaqların mənəvi inkişafına mənfi təsir edə biləcək davranış modelləri”, Firudin Rzayev “Uşaq ədəbiyyatında fəlsəfi yönlər” mövzularında məruzə ediblər. 
Dosent Elxan Məmmədov həm də simpoziumda bir bölmənin moderatorluğunu edib. 
“Tusi” nəşriyyatının baş redaktoru Qafar Qərib isə simpoziumun fəxri şair qonaqları qismində iştirak edib. 
Simpozium çərçivəsində təşkil olunan şeir gecəsində Qafar Qərib və Elxan Yurdoğlu uşaq ədəbiyyatı sahəsindəki yaradıcılıqlarından nümunələr səsləndiriblər. 
Sonda elmi məruzəçilər sertifikatla təltif olunublar.

Nəşr edilib : 26.10.2026 14:22