NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Ali Məclis sədrinin birinci müavini Avropa Şurası Konqresinin İdarəçilik, Vətəndaşlarla İş və Ətraf Mühit Komitəsinin iclasında iştirak edib

...

İyunun 11-də Fransanın Paris şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin İdarəçilik, Vətəndaşlarla İş və Ətraf Mühit Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov da iştirak edib.
İclasın gündəliyində duran ilkin məsələlər “Yerli və regional səviyyələrdə korrupsiyanın qarşısının alınması və dürüstlüyün təşviqi üzrə addımlar” və “Təhsildən geri qalmaq: Avropa icmalarında məktəbə davamiyyətsizliklə mübarizə” mövzularında hesabatların dinlənilməsi olub. Məruzəçilər tərəfindən təqdim olunan hər iki hesabatın tövsiyə və qətnamə layihələri səsə qoyularaq qəbul edilib. Hesabatlar zamanı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qonaq olan müvafiq ekspertləri tərəfindən prezentasiyalar təqdim olunub. 
İclasda komitənin davam etməkdə olan hesabatları üzrə komitə üzvləri arasında fikir mübadiləsi aparılıb, daha sonra “Yerli və regional səviyyələrdə insan hüquqları” mövzusunda debat baş tutub. 
Sonda komitənin 2026-2027-ci illər üzrə iş planı müzakirə edilərək qəbul edilib. 

Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2026 14:42